“Çanaqqaladan Qarabağa uzanan Zəfər yolu”


Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) Çanaqqala zəfərinin 110 illiyi münasibətilə Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfinin Çanaqqala şöbəsi ilə birgə “Çanaqqaladan Qarabağa uzanan Zəfər yolu” adlı tədbir keçirib.
Crossmedia.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İstanbuldan Çanaqqalaya səfər edən TADEF nümayəndə heyəti Çanaqqala Şəhidliyini, o cümlədən buradakı Azərbaycan Şəhidliyini ziyarət edib. Ortaq tariximizin ən şanlı səhifələrindən olan Çanaqqala zəfəri uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi yad edilib, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Çanaqqala Şəhidliyi ərazisində Çanaqqala döyüşündə canından keçən üç mindən çox azərbaycanlı şəhidin xatirəsinə ucaldılmış abidənin qarşısında anım mərasimi təşkil olunub. Türkiyədə fəaliyyət göstərən QHT nümayəndələrinin və qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələrin iştirakı etdiyi mərasimdə TADEF sədri Ədalət Turan, TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə, Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfinin Çanaqqala şöbəsinin sədr müavini Semih Ceylan, araşdırmacı-yazar, tarixçi Dilqəm Əhməd, TADEF-in media ilə iş üzrə sədr müavini Sefer Karakoyunlu çıxış ediblər. Natiqlər Azərbaycan-Türkiyə qardaşlığının tarixin çətin sınaqlarından uğurla çıxdığını bildiriblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təlimatına əsasən 2023-cü ildə inşa edilmiş bu abidənin ölkələrimizin birliyinin, həmrəyliyinin simvollarından birinə çevrildiyini vurğulayıblar.
18:51 18.03.2025
Oxunuş sayı: 820