Putinlə Tramp görüşəcək: Tərəflər Bakıda bir araya gələ bilər - AÇIQLAMA

Bakı son illərdə bir sıra beynəlxalq toplantılar və görüşlərə ev sahibliyi edərək beynəlxalq diplomatiya mərkəzi kimi nüfuzunu daha da artırıb. Bu proses Azərbaycanın qlobal siyasət, iqtisadi əlaqələr və mədəniyyətlərarası əməkdaşlıq üçün strateji mərkəz kimi tanınmasını təmin edir. Bakıda təşkil olunan beynəlxalq tədbirlər və yüksək səviyyəli görüşlər Azərbaycanın neytral və etibarlı vasitəçi mövqeyini təsdiqləyir, həmçinin, dünya ictimaiyyəti tərəfindən ğlkəmizə olan etimadı artırır.
2017-ci ilin fevralında Bakıda Rusiya ordusunun Baş qərargah rəisi, general Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin komandanı Cozef Danford arasında mühüm görüş keçirilib. Həmin ilin sentyabrında isə rus general NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel ilə Bakıda bir araya gəlib.
2018-ci ilin aprelin 11-də isə ABŞ Baş Qərargahlar rəisi general Cozef Danford ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov arasında Bakıda görüş baş tutub. Bu görüş beynəlxalq sabitliyi və təhlükəsizliyi gücləndirmək baxımından böyük əhəmiyyət daşıyıb.
2019-cu ilin iyulunda NATO-nun Avropadakı Ali Müttəfiq Qüvvələr Komandanı Tod Volters və general Valeri Gerasimov Bakıda bir görüş keçirərək qlobal təhlükəsizlik, terrorizmlə mübarizə və tərəflər arasındakı əməkdaşlıq məsələlərini müzakirə edib. Belə görüşlər Bakını beynəlxalq vasitəçilik və dialoq üçün önəmli bir mərkəz olaraq möhkəmləndirir.
Hazırda Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında mümkün görüşlə bağlı müzakirələr daha da aktuallaşıb. Mətbuatda görüşün keçiriləcəyi məkanla bağlı müxtəlif fərziyyələr irəli sürülür. Belə ki, görüş üçün üç neytral paytaxt müzakirə olunur: onlardan biri MDB-də (yəqin ki, Bakı və ya Astana), ikincisi Mərkəzi Avropada (Vyana), üçüncüsü isə Avropa qitəsindən kənarda (İstanbul) yerləşir. Türkiyənin NATO və Qazaxıstanın KTMT üzvü olduğunu nəzərə alsaq, Bakı görüş üçün daha uyğun məkanlar hesab edilir. Bəs görüş Bakıda baş tuta bilərmi?
Crossmedia.az mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğluna müraciət edib.
Deputat ilk olaraq bildirib ki, Putin və Trampın mümkün görüşünün məhz Bakıda keçirilməsi ilə bağlı beynəlxalq mətbuatda yayılan məlumatlar əslində Azərbaycanın bu görüşdə oynaya biləcəyi rol baxımından olduqca əhəmiyyətlidir: “Bu, sadəcə coğrafi baxımdan məkan seçimi kimi qiymətləndirilə bilməz, çünki strateji diplomatiyada məkan da xüsusi məna daşıyır. Əslində Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl və müharibənin gedişi zamanı bir çox önəmli görüşlərin Bakıda keçirildiyini görürük. Bu, tərəflərin Bakıya etibarlı tərəfdaş kimi baxmasının göstəricisidir. Bu günkü qlobal şərtlərdə, münaqişələrdə fərqli mövqelərdə olan dövlətlərin görüşəcəkləri yerləri seçmək üçün çox az variant mövcuddur. Bu səbəbdən məkanın beynəlxalq hüquq prinsiplərini əks etdirməsi, bütün tərəflərə qarşı neytral münasibət nümayiş etdirməsi və hər iki ölkə ilə etibarlı tərəfdaşlıq əlaqələrinin mövcudluğu zəruridir”.
H.Babaoğlunun sözlərinə görə, Bakının belə görüşlər üçün seçilməsi tez-tez gündəmə gəlir: “Bu, həm də Azərbaycanın artıq beynəlxalq əlaqələrdə etibarlı tərəfdaş olaraq tanındığını sübut edir. Keçmişə nəzər salsaq, Bakının həm İslam Həmrəyliyi Oyunlarına, həm Avropa Oyunlarına sahiblik etdiyini görürük. Burada həm Avropa Şurası, həm də İslam Əməkdaşlıq Təşkilatının iclasları keçirilib. Eyni zamanda, ABŞ və Rusiya qərargah rəislərinin görüşləri də məhz Bakıda baş tutub. Bu faktlar Azərbaycanın beynəlxalq münasibətlərdə etibarlı bir platforma təmin etdiyini göstərir”.
Onun fikrincə, bu görüşün Bakıda baş tutması mümkündür: “Üstəlik, Azərbaycanda Rusiya Federasiyasının Federasiya Şurasının sədri Valentina Matviyenko səfərə gəlib. Təsdiqlənməsə də, ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisinin Bakıya səfəri barədə məlumat yayılıb. Bundan əlavə, ən son Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə ilə ABŞ Prezidentinin köməkçisi arasında müzakirələr baş tutub. Bu hadisələrin hər biri ayrı-ayrılıqda ABŞ, Rusiya Federasiyası və Azərbaycan arasında etimad əlaqələrinin mövcud olduğunu göstərir. Bu da belə bir görüşün keçirilməsini mümkün edən əsas şərtlərdən biridir”.
Nəzrin Salmanova
15:33 18.03.2025
Oxunuş sayı: 921