“Rusiyanın nüvə silahı dünyanı bir neçə dəfə alt-üst etməyə kifayətdir” – ŞOK AÇIQLAMA

NATO, Rusiya və Ukrayna silahlı qüvvələrinin sayı açıqlanıb. Rusiya 1,5 milyon aktiv əsgərlə bölgədə ən böyük hərbi gücə sahibdir. Ukrayna, isə 880 min aktiv hərbi personal ilə müstəqillik uğrunda ciddi səylər göstərdiyini nümayiş etdirir. ABŞ NATO-da 1,3 milyon hərbi qüvvəsi ilə liderlik edir və texnoloji üstünlüyü ilə qlobal gücünü möhkəmləndirir. Türkiyə isə 355 minlik qüvvəsi ilə Avropadakı NATO üzvləri arasında ən güclü hərbi kontingentə malikdir.
NATO və Rusiya arasında güc balansının qorunması, münaqişələrin qarşısının alınması və texnoloji yeniliklərin tətbiqi bu göstəricilərə əsaslanır. Regionun gələcəyi və geosiyasi sabitliyi üçün bu rəqəmlər əsas rol oynayır.
Crossmedia.az mövzu ilə bağlı ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələr veteranı, hərbi ekspert Şair Ramaldanova müraciət edib.
Ekspert ilk olaraq bildirib ki, bu iki qrup həmişə bir-birinə qarşı olub, lakin bu qarşıdurma açıq müharibə formasına keçməyib: “NATO ölkələri Ukraynaya, yəni Rusiyaya qarşı silah-sursat göndərməklə, müharibədə birbaşa formada deyil, dolayı yolla iştirak edib. Statistik göstəricilərə görə, Rusiya və NATO arasında böyük fərqləri müşahidə etmək olar. Bu, prinsip baxımından təbiidir. Çünki NATO 30-a yaxın ölkədən ibarət olan bir təşkilatdır, Rusiya isə tək bir ölkədir. Bugünkü proseslərdə bu xətt getdikcə daha qabarıq şəkildə görünür.
Ancaq Rusiya faktoru üzərində dayananda, müasir müharibələrdə insan sayı, texnika, gəmilər, təyyarələrin sayı ilə deyil, nüvə silahının gücü daha çox əhəmiyyət kəsb edir. Əgər Rusiya ən çox nüvə silahına malik ölkələrdən biri kimi qəbul olunursa, deyə bilərik ki, onun nüvə silahı dünyanı bir neçə dəfə alt-üst etməyə kifayətdir. Adi silahlanma sayı baxımından NATO daha üstündür. Amma nüvə silahlarının tətbiqi bu tarazlığı dəyişdirir. Beləliklə, nüvə silahına malik ölkələr özlərini daha çox sığortalanmış hiss edir və bu silahların mövcudluğu onlar tərəfindən sülhün təminatı kimi qiymətləndirilir”.
Ş.Ramaldanovun sözlərinə görə, NATO istəsəydi Ukrayna fonunda Rusiyanı tamamilə sıradan çıxara bilərdi: “Rusiyanın nüvə silahına malik olması və Rusiya Prezidenti Vladimir Putinin bu silahları strateji direktivlərdə nəzərdə tutması vəziyyəti dəyişir. Bu silahların müəyyən bir mərhələyə gətirilməsi və strateji nüvə silahları ilə başlıqların, raketlərin təlimlərdə istifadə olunması, həmçinin həmin başlıqları daşıyan nüvə silahlarının Belarusda yerləşdirilməsi vəziyyətin ciddiliyini göstərir. Bu, nüvə silahlarının tətbiqinə çox yaxın olduğumuzu göstərir. Belə bir vəziyyətdə NATO ölkələri, xüsusilə də bu nüvə təhlükəsini nəzərə alaraq, nüvə çənini “butulkadan açmağa” ehtiyyat edirlər”.
Hərbi ekspertin sözlərinə görə müasir müharibələr artıq hibrid müharibələr şəklindədir: “Biz hibrid müharibələr dönəmində yaşayırıq və bu müharibələrin birinci mərhələsi informasiya sahəsinə nəzarət etməkdən ibarətdir. Burada informasiya vasitəsilə psixoloji təzyiqin gücündən istifadə olunur. Rusiya isə Ukrayna müharibəsindən öncə də öz informasiya siyasətində müəyyən addımlar atıb. Bu proseslərin nəticəsində bəzi fərziyyələr var idi ki, ölkədə etirazlar baş verəcək, çevriliş olacaq, lakin bu baş verməyib. Əksinə, təhlükə yaranan zaman Rusiya cəmiyyəti hakimiyyət ətrafında birləşərək mütəşəkkillik nümayiş etdirib.
İqtisadi baxımdan, Rusiya qlobal sanksiyalara baxmayaraq, hərbi sənaye kompleksini işlətmək və mövcud vəziyyətdən çıxmaq qabiliyyətinə malikdir. Cəmiyyət daxilində ciddi etirazların müşahidə olunmaması bu fikri bir daha təsdiqləyir. NATO-nun informasiya sahəsindəki təzyiqi isə gözlənilən nəticələri verməyib. Bu, Rusiya əhalisinin xüsusiyyətlərinin düzgün qiymətləndirilməməsi ilə bağlı ola bilər”.
Nəzrin Salmanova
08:39 18.03.2025
Oxunuş sayı: 1031