Qondarma rejimin silah-sursat təminatını Ermənistan Müdafiə Nazirliyi həyata keçirirdi - Mnatsakanyan

Bakı Hərbi Məhkəməsində martın 17-də davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Lyova Mnatsakanyan etiraf edib ki, qondarma rejimin “ordusu”nda yüksək vəzifələrə təyinatlarla bağlı qərarlar Ermənistanda verilib.
Crossmedia.az-ın xəbərinə görə, o bildirib ki, polkovnik-leytenant və daha yuxarı rütbələr üzrə vəzifələrin təyinatını Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, müdafiə naziri və prezidenti edib. “Mən isə “ordu”nun “komandiri” kimi mayor daxil olmaqla, ondan aşağı vəzifələri təyin edə, mayora qədər rütbə verə bilərdim”, - deyə o bildirib.
Təqsirləndirilən şəxs əlavə edib ki, qondarma rejimin “ordusu”nun maliyyə məsələləri Ermənistanın Müdafiə Nazirliyi tərəfindən, silah-sursat isə tam olaraq Ermənistan silahlı qüvvələri tərəfindən təmin olunurdu. O, daha sonra bildirib: “Bizdə təchizat xidməti var idi. Təchizat xidməti qəbul edirdi, sonra hər bölməyə təqdim olunurdu. Yəni, silah-sursat təminatı Ermənistanın Müdafiə Nazirliyi tərəfindən həyata keçirilirdi”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
14:24 17.03.2025
Oxunuş sayı: 705