Xüsusi internat məktəblərində nöqsanlar aşkarlanıb

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Qrupunun üzvləri Elm və Təhsil Nazirliyinin nəzdindəki E.Quliyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbində və E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbində nöqsanlar aşkarlayıb.
Crossmedia.az xəbər verir ki, planlı başçəkmələr zamanı müəssisələrin yataqxana, yeməkxana, tibb məntəqəsinə, sinif otaqları və digər inzibati otaqlarına baxış keçirilib, habelə uşaqların asudə vaxtının təşkili, qidalanma, içməli su təminatı və sənədləşmə işləri araşdırılıb. Hər iki müəssisədə uşaqlarla psixoloji işin aparılmasında istifadə olunan sənədlərdə məlumatların tam əks olunmadığı, 6 nömrəli Respublika xüsusi internat məktəbində bəzi dərman preparatlarının istifadə müddətinin bitdiyi, işıqlandırmanın normalara cavab vermədiyi, 9 nömrəli xüsusi internat məktəbində isə bəzi ərzaq məhsullarının yararlılıq müddətinin bitdiyi aşkar edilib.
Aşkar olunmuş problemlərlə bağlı müvafiq qanunvericilik və beynəlxalq sənədlərdə əks olunmuş tələblər diqqətə çatdırılmaqla, saxlanma şəraitinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.
Başçəkmə zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Elm və Təhsil Nazirliyinə müraciət olunacaq.
11:08 17.03.2025
Oxunuş sayı: 558