Rusiya-Ukrayna müharibəsi tarixə "axmaqların savaşı" kimi düşəcək - Ekspert

Rusiya - Ukrayna müharibəsi davam edir. Atəşkəs məsələsi gündəmdə olsa da, silahlar hələ ki, susmur. Bundan ən çox ziyan çəkən isə, şübhəsiz ki, mülki insanlardırlar. 2024-cü ildə Ukraynada rəsmi və təsdiq olunmuş məlumatlara görə 495096 insan ölüb, doğulan uşaqların sayı isə cəmi 176679 olub – dəhşətli mənzərədir, ölüm sayı doğulan uşaq sayından 3 dəfəyə yaxın çoxdur. Dünyada ən fəlakətli demokrafik vəziyyət məhz Ukraynadadır. Ölkə əhalisinin 10 milyon nəfərə yaxını xaricdədir, 3 milyon ukraynalı ya Rusiyaya köçüb, ya da Rusiyanın işğal etdiyi ərazilərdə yaşayırlar. Təqribən 7 milyon ukraynalı isə Avropa İttifaqı ölkələri, Britaniya, ABŞ, Kanada və Türkiyəyə köçüblər. Köçənlərdən 4 milyon nəfərə yaxını artıq köçdükləri ölkəyə inteqrasiya olub, iş tapıblar, uşaqlara məktəbə gedib dil öyrəniblər. Sorğulara görə köçənlərdən cəmi 30%-i nə vaxtsa Ukraynaya qayıdacaqlarını ehtimal edirlər.
Bu barədə Crossmedia.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, atəşkəs alınsa, Ukrayna xalqı, bundan çox səmərəli istifadə edəcək, korrupsiyasız, ədalətli sistem quracaq, iqtisadiyyatını inkişaf etdirərək əzmlə “post-Putin” dönəminə hazırlaşacaq: "Bunu çox istəyirəm, amma demoqrafik fəlakətin qarşısını almaq çox çətin olacaq. BMT-nin hesabatlarına görə 2050-ci ildə Ukrayna əhalisi 25 milyon, 2100-cü ildə isə cəmi 15 milyon olacaq. Bu dövlət və təhlükəsizlik üçün böyük təhdid və çağırışdır. Amma vəziyyəti düzəltmək də olar – Dünya ölkələrində son müharibədən qaçanları da nəzərə alsaq, haradasa, 20 milyondan çox ukraynalı yaşayır, Rusiyada isə 10 milyon nəfərə yaxın etnik ukraynalı var.
Ukraynada ədalətli rifah dövləti qurulsa, onların heç olmasa, 30-35%-i geri dönsə, vəziyyəti düzəltmək olar.Ədalətli Rifah Dövləti təsis edilsə, bu Rusiyanı da içdən dağıdacaq, etnik ukraynalıların vətənlərinə köçünə, rusların isə öz hökumətlərinə, avroritar və yoxsul məmləkəti idarə edən “elitaya” qarşı etirazların artmasına səbəb ola bilər".
Ekspert bildirib ki, torpaq, ərazi təbii ki, çox vacibdir, amma insan daha vacibdir – səbrlə, ağılla yanaşsalar, orta və uzun zamanlı oyun qura bilsələr, Ukrayna qalib çıxa bilər: "Zatən bu müharibə tarixdə “axmaqların savaşı” kimi qalacaq – səngərin bir tərəfində İvan Vasilyev, digər tərəfində dayanan Vasiliy İvanova atəş açır, bir-birini qırırlar. Kremlin ağılsız, düşüncəsiz, vəhşi ekspansiya, Qərbin isə insanlıq düşməni qızışdırıcı siyasəti nəticəsində indi, yəni bu günə, uduzan həm İvan Vasilyevdir, həm də Vasiliy İvanov, qazanan isə siyasi, hətta tarixi divident əl edən Avropa, maddi qazanc görən ABŞ, Rusiyanın təbii sərvətlərinə qəpik-quruşa alan Çindir...".
Kənan Novruzov
14:15 13.03.2025
Oxunuş sayı: 457