Uzun qeyri-iş günləri iqtisadiyyata mənfi təsir edə bilir – EKSPERT RƏYİ

Hər il, xüsusilə bayramlar və qeyri-iş günləri yaxınlaşdıqca, "Neçə gün qeyri-iş günü olacaq?" sualı işçilər, sahibkarlar arasında geniş müzakirə mövzusuna çevrilir. İnsanlar istirahətə, özlərinə zaman ayırmağa can atırlar.
Bayram günləri şübhəsiz, insanların dincəlməsi üçün əla fürsət yaradır. Lakin bu günlərin çoxluğu, xüsusən iş dünyasında narazılıqlara səbəb ola bilir. Qeyri- iş günlərinin sayının çox olması hər nə qədər insanlar üçün istirahətə şərait yaratsa belə, bunun iqtisadiyyata mənfi təsirləri olur. Belə ki, bu günlərdə ticarət və xidmət sektorlarında aktivlik artsa da, iqtisadiyyata mənfi təsir göstərən bir sıra amillər də mövcuddur. İlk növbədə, bayramlar istehsal və iş saatlarının azalmasına səbəb olur. Bayram günlərində əksər dövlət və özəl müəssisələr fəaliyyətini dayandırır, bu da ümumi istehsalat həcminin azalmasına gətirib çıxarır. Belə sahələrdən biz özəl təhsil sektorunu, kursları və s. misal göstərə bilərik.
Sahibkarlar müəyyən dövrlərdə müəssisələrinin fəaliyyətinin dayandırılmasından narahat olurlar, çünki bu, məhsuldarlığın və gəlirlərin azalmasına səbəb olur. Bayramların çoxluğu həm də gündəlik fəaliyyətlərin tənzimlənməsi baxımından çətinliklər yarada bilir.
Crossmedia.az mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərliyə müraciət edib.
Ekspert ilk olaraq bildirib ki, Azərbaycanda bayram günlərinin iş yerlərinə təsiri nə qədər qəribə səslənsə də, iqtisadiyyata çox az təsir edən amillərdəndir: “Azərbaycanın əsas “iqtisadi lokomotivi” olan neft və qaz sektoru bayramlara baxmır. Orada insanlar növbəli prinsiplə işləyirlər və sistem fasiləsiz – 24 saat, 7 gün işləyir. Müəllimlər bayram günlərində tətil edirlər və onlar ümumdaxili məhsulun artımına, iqtisadiyyatda əlavə dəyər yaranmasına birbaşa təsir etmirlər. Həkimlər isə növbəli prinsiplə işləyirlər. Onlar da ümumdaxili məhsulun artımında, iqtisadiyyatda əlavə dəyər yaranmasında birbaşa iştirak eləmirlər”.
Onun sözlərinə görə, özəl sektora gəldikdə bu sektor üçün bəzi hallarda daha yaxşı nəticələr doğurur: “Kafelər, restoranlar, əyləncə mərkəzləri otellər - bunlar da növbəli prinsiplə işləyirlər və insanlar orada çalışaraq bayram günlərində daha çox qonaq qəbul edirlər, daha çox pul qazanırlar. Ona görə də bizdə bayram günlərinin sayının iqtisadiyyata birbaşa təsiri yoxdur. Bu yaxşı haldırmı? Xeyir. Təbii ki, bu ondan ondan xəbər verir ki, Azərbaycanda iqtisadi model mükəmməl deyil”.
Nəzrin Salmanova
09:15 11.03.2025
Oxunuş sayı: 18429