Zelenski üçün yolun sonu: "Ukraynanın güclü dövlət adamına ehtiyacı var"

Bu vəziyyət fonunda Ukraynanın atacağı növbəti addımlar və Kiyevin Qərblə münasibətlərində baş verə biləcək dəyişikliklər xüsusilə maraq doğurur. Əgər Ukrayna gözlənilən "resurs sazişi"ni imzalamasa və ya sülhə yönələn konkret addımlar atmasa, bu, onun beynəlxalq dəstək baxımından daha da təcrid olunmasına səbəb ola bilər.
Mövzu ilə bağlı Crossmedia.az-a politoloq Mütəllim Rəhimli açıqlama verdi.
O, qeyd etdi ki, Tramp öz sələflərinin siyasətini davam etdirir və ABŞ-nin əsas məqsədi dünya hegemonluğunu daim əlində saxlamaqdır: "Bu hegemonluğu qorumaq üçün ayrı-ayrı dövlətlərin və onların rəhbərlərinin qurban verilməsi adi haldır. Hazırda isə ABŞ dünya hegemonluğunu itirmək qorxusu yaşadığı üçün yeni siyasi qüvvə formalaşdırmaq gücündədir. Yeni nizamın şərtləri tələb edir ki, mövcud vəziyyətdə ABŞ Ukraynanı qurban versin".
Politoloq vurğulayıb ki, bu baxımdan Trampın Vaşinqtonda ukraynalı həmkarı Volodimir Zelenskini qəbul edərkən irəli sürdüyü şərtlər hələ də qüvvədə qalır və Tramp onlardan geri çəkilmir: "O, açıq şəkildə Zelenskini məcbur edir ki, Ukraynanın faydalı qazıntılarının 50%-ni istismar üçün ABŞ-ə versin. Eyni zamanda cəbhə xəttində mövcud zolaq qorunmaqla Ukrayna qoşunlarının geri çəkilməsi tələb edilir. Bu isə faktiki olaraq Ukraynanın iki hissəyə bölünməsi deməkdir. Tramp bunu "sülh prosesi" kimi təqdim etsə də, əslində bu Ukraynanın zəiflədilməsi və onun gələcəyinin qeyri-müəyyənliyə sürüklənməsi deməkdir".
M.Rəhimli bildirib ki, Zelenskinin qarşısında ciddi öhdəliklər var: "O, anlayır ki, Ukrayna artıq supergüclərin geosiyasi mübarizəsinin bir hissəsinə çevrilib. Amma bu vəziyyətdən çıxış yolu tapmaqda çətinlik çəkir. ABŞ Ukraynaya verdiyi dəstəyi getdikcə azaldır və Rusiya ilə müharibə aparmaq üçün Ukraynanın əlindəki resursları minimuma endirir. Zelenski daha çox zəmanət və ərazi bütövlüyü tələb etsə də, hətta faydalı qazıntıların verilməsi məsələsində güzəştə getməyə razı olsa belə, bu fikir ayrılıqları onun zəifləməsinə gətirib çıxarır. Nəticədə Zelenski açıq şəkildə bəyan edir ki, ABŞ-nin "sülh anlayışı" Avropaya təsir edəcək və bu, Ukraynanın gələcəyi üçün heç bir yaxşı perspektiv vəd etmir. Ukrayna ilk növbədə insan tələfatının qarşısını almalıdır. Təəssüf ki, Ukrayna üçün ən yaxşı seçim imkanları əvvəlcədən əldən çıxıb.
Birincisi, Ukrayna müharibəyə qoşulmamalı idi. Lakin onu Avropa ölkələri və ABŞ bu savaşa itələdi. Hər bir siyasətçinin ən azı iki çıxış yolu olmalıdır, amma Zelenski bu seçimləri dəyərləndirə bilmədi və alternativ variant yaratmadı.
İkincisi, Ukrayna lideri zamanında İstanbul razılaşmasını qəbul etmədi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə tərtib olunan şərtlər qəbul edilsəydi, tərəflər arasında atəşkəs əldə edilə bilərdi. Bu, müharibənin indiki fəlakətli həddə çatmasının qarşısını ala bilərdi. İndi Ukrayna gücsüzlüyünü qəbəbul etməlidir. Kiyevin hazırkı vəziyyətdə Ukraynanın Rusiya qarşısında effektiv müqavimət göstərməsi çətindir. Zelenskinin vətənpərvər ritorikası Ukraynaya real çıxış yolu təqdim etmir. ABŞ-nin dəstəyini itirən və Avropadan da istədiyi dəstəyi ala bilməyən Ukrayna getdikcə zəifləyir".
"Trampa cavab qaytarmaq, onu tənqid etmək və ya media vasitəsilə sərt bəyanatlar vermək Ukrayna üçün heç bir fayda vermir. Zelenskinin özünü qəhrəman kimi təqdim etməsi xalqı və dövləti xilas etməyəcək. İndi Ukraynanın güclü dövlət adamına ehtiyacı var. Bu şəxs Zelenski deyil. Ukrayna kifayət qədər güclü liderlər yetişdirib və indi xalq bu böhrandan çıxış yolunu düzgün seçməlidir"-deyə politoloq əlavə edib.
Xumar Əhmədova
16:30 10.03.2025
Oxunuş sayı: 833