“The Jerusalem Post”: Azərbaycan Qafqaz regionunda İsrailin mühüm strateji müttəfiqidir

İsrail Azərbaycanla strateji tərəfdarlığın inkişafında maraqlıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
"Azərbaycan Qafqaz regionunda İsrailin mühüm strateji müttəfiqidir və onunla münasibətlər təhlükəsizlik, ticarət, texnologiya və enerji sahələrində əməkdaşlığı əhatə edir", - qəzet İsrail Baş nazirinin ofisinin məlumatından sitat gətirib.
Baş nazirin ofisinin məlumatına görə, Təl-Əviv İsrail, Azərbaycan və ABŞ arasında üçtərəfli əməkdaşlıq üçün möhkəm baza yaratmaq məqsədilə Vaşinqtonla danışıqlar aparır.
Nəşr qeyd edib ki, bu bəyanat Knessetdə "İsrail və Azərbaycan arasında strateji alyansın möhkəmləndirilməsi" mövzusunda aparılan müzakirələrə cavab olaraq səsləndirilib.
İsrail hökuməti adından çıxış edən milli missiyalar naziri Orit Struk vurğulayıb ki, "İsrail və Azərbaycan arasında münasibətlər qarşılıqlı maraqlar və uzunmüddətli dostluğa əsaslanan unikal tərəfdaşlıq üzərində qurulub".
Onun sözlərinə görə, ölkələr arasında dialoq yüksək səviyyəli qarşılıqlı səfərlər vasitəsilə aparılır: "Bu münasibətlər İsrailin regionda alyansların gücləndirilməsi və digər müsəlman ölkələri ilə körpülərin qurulması kimi daha geniş regional siyasətinə uyğundur".
Knessetin deputatı Simon Moşiaşvili müzakirələr zamanı Azərbaycanla strateji ittifaqın möhkəmləndirilməsinin vacibliyini qeyd edib. O, Azərbaycandakı yəhudi icmasının unikal statusunu xüsusi vurğulayaraq, onun nümunəvi və fəal olduğunu, inkişaf etdiyini və sıx birləşdiyini söyləyib.
12:10 07.03.2025
Oxunuş sayı: 2093