"Zelenski siyasətə də film kimi yanaşır"- RƏY

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Ağ evdə jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsi hazırda Ukrayna ilə münasibətlərinin bütün aspektlərini yenidən dəyərləndirir.
“Biz bir addım geri çəkildik və ara verdik və bu münasibətlərin bütün aspektlərini yenidən gözdən keçiririk”, – o, Vaşinqtonun Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsinin hələ də dayandırılıb-dayandırılmaması ilə bağlı suala cavab verərkən qeyd edib.
Bununla yanaşı, Uolts ukraynalı həmkarı ilə daha öncə telefonla danışdığını və münaqişənin həlli ilə bağlı danışıqların keçiriləcəyi mümkün platforma və bu danışıqlardakı nümayəndə heyətlərinin tərkibi barədə müzakirə apardığını vurğulayıb: “Növbəti danışıqlar turunun yeri, nümayəndə heyətləri və danışıqların məzmunu ilə bağlı yaxşı müzakirələr aparırıq”.
O, son bir sutkada bu sahədəki hadisələrin inkişafından nikbin olduğunu deyib: “Düşünürəm ki, çox yaxında hərəkətlilik görəcəyik”.
Məlum olduğu kimi, son zamanlar Vaşinqtonla Kiyev arasında münasibətlər pisləşməkdədir. ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Volodimir Zelenski arasında Ağ Evdə keçirilən görüş isə sanki münasibətlərdə yeni səhifə açdı. Belə brir vəziyyətdə Uoultsun açıqlaması diqqət çəkir. Maraqlıdır, o "Ukrayna ilə münasibətlərinin bütün aspektləri yenidən dəyərləndirilir" deyəndə nəyi nəzərdə tutur. Bu, ABŞ-nin Ukraynaya növbəti zərbəsinin anonsu ola bilərmi?
Bu barədə Crossmedia.az-a danışan politoloq Əhəd Məmmədli Zelenskinin sözügedən görüşdən sonra Trampa məktub yazdığını diqqətə çatdırıb: "Məktubda Zelenski yenidən Vaşinqtonun rəhbərliyi altında fəaliyyət göstərməyə hazır olduğunu ifadə edib. Bunun nəticəsi olaraq, onun tezliklə Vaşinqtona səfər edəcəyi və Tramp ilə görüşəcəyi gözlənilir. Bu dəfə Zelenski səfərə tək deyil, Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronla birlikdə gedəcək".
Ə. Məmmədli hesab edir ki, Ukraynanı silahlandıran, Avropanın təhlükəsizliyini təmin edən məhz ABŞ-dir: "Tramp da bu məsələ ilə bağlı əvvəlki ABŞ administrasiyalarını tənqid edərək, “Biz Avropanın təhlükəsizliyini təmin edirik, amma onlar bunun üçün kifayət qədər maliyyə ayırmırlar” mövqeyini müdafiə edir. Tramp ilk növbədə öz ölkəsinin maraqlarını düşünür və bu normal siyasi yanaşmadır. Lakin Ukrayna bunu tam anlamır və müharibə bitənə qədər ABŞ-nin onları silahlandıracağını gözləyir. Mövcud vəziyyəti anlamaq üçün dərin siyasi təcrübə tələb olunur, Zelenski isə səhnədən prezidentliyə gəlib və aktyor olduğu üçün siyasətə film kimi yanaşır".
Politoloq əlavə edib ki, Rusiya Ukrayna ilə danışıqlar aparmaq və müəyyən ərazilərdə öz nəzarətini təmin etmək istəyirdi: "Lakin Zelenski bu təklifləri rədd etdi. Trampı narahat edən məqamlardan biri də budur: Moskva və Vaşinqton arasında danışıqlar aparılarkən, Rusiya Prezidenti Vladimir Putin Trampa təbii sərvətlərdən birgə istifadə olunmasını təklif edib. Rusiya beləliklə, ABŞ-la razılığa gəlmək istəyir. Ukrayna lideri isə hələ də inad edir. Düşünürəm ki, o, gec- tez ABŞ-nin dediklərini edəcək".
Fidan Xəlilova
16:55 06.03.2025
Oxunuş sayı: 735