Bu, ABŞ-nin real üzüdür – ŞƏRH

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin son görüşü beynəlxalq diplomatiyada nadir hallarda rast gəlinən bir hadisə olaraq yadda qalıb. Belə ki, Ağ Evdə ABŞ-ın Ukraynanın nadir minerallarına çıxışını təmin edəcək razılaşma əldə etmək məqsədi daşıyan görüş iki lider arasında mübahisə ilə nəticələnib. Bu görüşdə diplomatik etiketin pozulması bir neçə faktla müşahidə olunub. Trampın Zelenskini açıq şəkildə hədələməsi və zorakı ifadələr işlətməsi etik normaların pozulmasının bariz nümunəsidir. Trampın Ukraynanı Rusiyanın təcavüzkar siyasəti qarşısında köməksiz buraxacaqlarını elan etməsi də etik kodekslərin pozulmasıdır. Bu, işğala məruz qalan dövlətin deyil, işğal edən dövlətin maraqlarına uyğun fikirlər səsləndirməsi deməkdir. Bu cür davranış, beynəlxalq hüquq və ədalət prinsiplərinə ziddir.
ABŞ mediasının Ukrayna Prezidenti Volodimir Zelenskini çıxılmaz vəziyyətə salmaq üçün apardığı informasiya siyasəti etik kodekslər baxımından bir sıra suallar doğurur. Jurnalistikanın əsas etik prinsipləri arasında obyektivlik, qərəzsizlik, dəqiqlik və ictimai maraqlara xidmət etmək dayanır. Görüşdən sonra yayımlanan media materiallarında isə bu prinsiplərin bir çoxunun pozulduğu müşahidə edilir. Xüsusilə, ABŞ mediasının Zelenskinin çıxışlarını kontekstdən çıxararaq təqdim etməsi və onun mövqeyini manipulyasiya etməsi ictimai rəyə təsir göstərmək məqsədi daşıyıb. Diqqət çəkən məqamlardan biri də Ukraynanın suverenliyinin və təhlükəsizliyinin müzakirə mövzusu olduğu bir görüşdə, medianın əsas diqqəti şəxsi siyasi maraqlara yönəltməsidir ki, bu jurnalistikanın obyektivlik prinsipinə ziddir.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli ilk olaraq vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampla həmkarı Volodimir Zelenski arasında Ağ Evdə yaşanan mübahisə dünya üçün həqiqi bir şok oldu: “ABŞ tərəfi bu görüşdə diplomatik etiketləri ayaqlar altına atıb, zorakı, sayğısız davranıb. Tramp ABŞ-nin Ukraynanın nadir minerallarına çıxışını təmin edəcək razılaşmanı nəzərdə tutaraq, “ya sövdələşməyə gedəcəksiniz, ya da biz yoxuq” deməklə, Zelenskini açıq şəkildə hədələyib. Ukraynanı Rusiyanın təcavüzkar siyasəti qarşısında köməksiz buraxacaqlarını elan edib. O, işğala məruz qalan dövlətin deyil, işğal edən dövlətin maraqlarına uyğun fikirlər səsləndirib. Beləliklə, indiyədək ABŞ haqqında formalaşdırılmış “demokratiyanın beşiyi”, “ədalətin müdafiəçisi” kimi süni bir mif dağıldı".
M.Ələsgərlinin sözlərinə görə əslində bu, ABŞ-nin real sifətidir: “Həmin sifət dünya üçün yeni görünsə də, Azərbaycan xalqına yaxşı bələddir. Xatırlatmaq yerinə düşər ki, ABŞ Konqresi tərəfindən 1992-ci ildə “Azadlığa dəstək Aktı”na 907-ci düzəliş əlavə edildi. Beləliklə, yenicə müstəqillik qazanmış, demokratik inkişaf yolu tutmuş Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımı qadağan edildi. Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilmiş bu qadağa Azərbaycanı iqtisadi və siyasi sabitliyi aartırmaq üçün ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet dövlətinə çevirmişdir. Ən dəhşətlisi isə, həmin 907-ci düzəlişin qəbul edilməsi üçün irəli sürülən əsaslandımada idi. ABŞ tərəfi iddia edirdi ki, Azərbaycan tərəfi guya “Dağlıq Qarabağı işğal etməyə təşəbbüs göstərir", “Ermənistana qarşı blokada tətbiq edir”. Yəni, həmin dövrdə ABŞ işğala məruz qalan Azərbaycanın yanında deyil, işğalçı Ermənistanın yanında durdu, ona dəstək verdi. İndi Ağ Evdə Zeleniskinin rastlaşdığı situasiya bunun bənzəri deyilmi? İraqda, Suriyada, digər dövlətlərdə yaşanan fəlakətlərdə ABŞ maraqlarının izi görünmürmü? Yəni, ABŞ həmişə anlaşmaz, mürtəce addımlar atıb. Sadəcə əvvəllər öz addımlarını pərdələyə bilirdi. “Demokratik düzən qurmaq”, “sülh, əminamanlıq yaratmaq” adı ilə örtürdü. İndi isə pərdə qalxıb. Hər şey olduğu kimi görünməyə başlayıb".
“Təssüf doğuran hallardan biri də ABŞ mediasının bütün bu proseslərdə “ABŞ siyasətinin yanında dayanması”dır, onun ruporuna çevrilməsidir. Diqqət yetirsək görərik ki, Amerika mediası Zelenskinin təxribata çəkilib çıxılmaz duruma salınması üçün var gücünü ortaya qoydu. Zelensliyə ünvanlanmış təxribatçı suallardan başlamış, insident barədə yayılan məlumatlara qədər hər bir anda ABŞ jurnalistikası tendensiyalı mövqe sərgilədi. Dünyanın taleyini dəyişən bu insident barədə elə yazırlar ki, sanki kiçik bir texniki xəta baş verib. Əslində, ABŞ mediasının davranışları da gözlənilməz deyil. ABŞ yalançı “kimyəvi silah axtarışı” bəhanəsi ilə İraqa girib müharibə törədəndə, milyondan çox insanın həyatını bitirəndə də ABŞ mediası həmin siyasətin təbliğatçısı rolunda çıxış etmişdi. ABŞ mediası tendensiyalıdır, həmişə konyukturaya uyğun davranıb. Zelenski-Tramp insidentinə yanaşmaları da eyni kontekstdədir. Onların “müstəqilliyi”, “peşə prinsipərinə sayqılı olmaları” barədə indiyədək deyilənlər isə sadəcə ictimai rəyi çaşdırmaq üçün ortaya atılmış təbliğat tezisləridir”,- deyən ekspert fikrini yekunlaşdırıb.
Nəzrin Salmanova
12:12 05.03.2025
Oxunuş sayı: 16671