Trampın strategiyası: “Avropa ABŞ-dan alıb Ukraynaya verəcək”

Avropa İttifaqı ilə ABŞ arasında davam edən gərginlik dünya üçün yeni perspektivlər vəd edir. Artıq NATO-nun parçalanması və “oyun qaydalarının” dəyişilməsi müzakirə olunur. Hər halda ABŞ Prezidenti Donald Tramp iddialı görünür.
Onun son ritorikaları barədə politoloq Elxan Şahinoğlu Crossmedia.az-a danışıb: “Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Londonda Ukrayna ilə bağlı sammitdə deyib ki, təcili olaraq Avropanı yenidən silahlandırmaq məcburiyyətindəyik. Bu sözləri illərdir eşidirik, ortada isə hərəkət yoxdur. Krımın ilhaqından 11 il, Rusiyanın Ukraynanın şərqinə hərbi müdaxiləsindən sonra isə 3 ildən çox vaxt keçib və bu müddətdə Avropanın bir çox lideri, o cümlədən NATO və Avropa İttifaqı rəhbərləri elə hey “təcili silahlanmalıyıq” deyirlər. Trampı bəyənməsək belə, o hələ ötən prezidentlik müddətində Avropa dövlətlərindən hərbi xərclərini artırmağı tələb etmişdi. Polşadan başqa digər Avropa dövlətləri Trampın sözlərini qulaqardına vurdular, düşündülər ki, Avropanın təhlükəsizlik yükünü əvvəlkitək ABŞ daşımaqda davam edəcək. Tramp bu dəfə açıq deyib ki, başınızın çarəsinə baxın”.
Ekspertin fikrincə, Avropa ölkələrinin təcili silahlanması zaman alacaq, buna qədər isə Rusiya işğalı genişləndirməyə çalışacaq: “Ağ Evdəki qalmaqaldan sonra ABŞ Ukraynaya maliyyə və hərbi dəstək verməyəcək. Bu halda yeganə alternativ Avropa ölkələrinin ABŞ-dan pulunu ödəmək şərtilə silah və hərbi texnika alıb onu Ukraynaya təhvil verməkdir. Pulgir Tramp buna razılaşacaq”.
Kənan Novruzov
18:31 03.03.2025
Oxunuş sayı: 2166