Politoloq: "Tramp Rusiyanın yeni işğallarına yol aça bilər"

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı Donald Tramp ilə görüşdən sonra martın 1-də Böyük Britaniyaya səfər edib. Martın 2-də Zelenski Londonda keçirilən Ukrayna və Avropanın təhlükəsizliyinə dair sammitdə iştirak edib və Böyük Britaniya Kralı ilə görüşüb.Zelenskinin ABŞ səfəri isə mübahisələrlə nəticələnib. ABŞ Prezidenti Tramp və vitse-prezident Cey Di Venslə müzakirələrdə Ukraynadakı müharibə və ABŞ dəstəyi məsələləri müzakirə olunsa da, Zelenski görüşü erkən tərk edib və nadir torpaq elementləri üzrə razılaşma imzalanmayıb.
Politoloq Natiq Miri Zelenskinin Böyük Britaniyaya səfəri ilə bağlı Crossmedia.az-a açıqlama verib. O, bu səfərin Tramp ilə Zelenski arasındakı gərginliyin ardından spontan bir hadisə olmadığını bildirib: "Görüşün təşəbbüskarı Böyük Britaniya baş naziri olub və Fransanın Prezidenti Emmanuel Makronun da dəstəyilə Ukraynaya yardımla bağlı müzakirələr genişlənib.
Ukraynanın müdafiəsi ilə bağlı Avropa İttifaqı və digər ölkələr, xüsusilə Böyük Britaniya və Fransa Ukraynanın təhlükəsizliyini artırmağa yönəlik ortaq fikir birliyinə gəliblər. Bu da Ukraynanın mövqelərini gücləndirən bir könüllülər koalisiyasının yaranmasına yol açıb. Koalisiya Ukraynaya silah və maliyyə yardımı etməklə yanaşı, gələcəkdə Ukraynada atəşkəs təmin olunarsa, orada qoşun göndərməyi planlaşdırır. Bu, Ukrayna üçün böyük bir uğurdur".
Politoloq əlavə edib ki, Ukrayna heç vaxt bu qədər güclü bir müdafiə dəstəyi almayıb: "Artıq Avropa İttifaqına üzv olan ölkələr və Kanada bu missiyanı dəstəkləyəcək".
N.Miri Trampın siyasətinin yanlış olduğunu vurğulayaraq, ABŞ-nin Rusiyaya güzəştə getməsinin yeni işğallara səbəb olacağını bildirib: "Britaniya və Avropa artıq bunun qısamüddətli sülhə gətirib çıxaracağına inanır və bu səbəbdən belə koalisiyalar yaradılır. Bu qərar, həmçinin Avropanın təhlükəsizliyini təmin edir və ABŞ-nin hərbi sənaye kompleksi ilə əlaqədar yeni problemlər yarada bilər".
Fatimə Məmmədova
16:34 03.03.2025
Oxunuş sayı: 909