Açıqlandı: “Ukrayna Rusiya və ABŞ arasında bölüşdürülüb”

“Ukrayna Rusiya və ABŞ arasında bölüşdürülüb”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ilə amerikalı həmkarı Donald Trampın örüşü barədə Crossmedia.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib.
O bildirib ki, Trampın və komandasının etdiyi böyük bir tərbiyəsizlikdir: “Dünyanın gözü qarşısında qonaq ölkənin rəhbərinin alçaldılması dünyadakı qaydaların amansız tapdanması, onsuz da tükdən asılı beynəlxalq hüquqa tüpürməkdir. Bu, qarşısıalınmaz proseslərə aparır. Tramp üçüncü dünya müharibəsinin səbəbkarı kimi Zelenskini ittiham edir, amma özünün etdiyi hərəkətin dünya üçün doğuracağı nəticələri müharibə səbəbi kimi görmürsə, onda heç nə. Sabahdan hansı ölkənin hansı ölkədən xoşu gəlmirsə, çağırıb rəhbərini rahat formada sındıra bilər. Ortada Amerika dəyərləri- filan artıq yoxdur. Üç yüz illik sistem yeni amerikan tiraniyasına tabe olmaqdadır”.
Ekspert Zelenskini qəhrəman hesab etdiyini bildirib: “O, həqiqətən də, bu cür məğlubiyyət qətiyyən layiq deyil. Ukrayna lideri təkcə Rusiya dövlət başçısı Vladimir Putinlə savaşda özünü sübut etməyi bəs deyilmiş kimi bir də Trampla ölkəsi naminə əməlli-başlı vuruşur. Şübhəsiz ki, Ukrayna böyük alver masasında Rusiya ilə ABŞ arasında bölüşdürüldü”.
Kənan Novruzov
01:39 02.03.2025
Oxunuş sayı: 1896