Media nümayəndələri üçün “Kapital Bazarı: Əsas Prinsiplər və Fundamental Biliklər” mövzusunda seminar keçirilib

Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) təşkilatçılığı ilə yerli media nümayəndələri üçün "Kapital Bazarı: Əsas Prinsiplər və Fundamental Biliklər" mövzusunda seminar keçirilib.
Crossmedia.az xəbər verir ki, seminarın əsas məqsədi kapital bazarı barədə dərin və əhatəli məlumatı media nümayəndələri ilə bölüşmək, həmçinin bu sahədə maarifləndirmə prosesinin əhatə dairəsini genişləndirməkdir.
Seminar zamanı iştirakçılara AFBİA-nın icraçı direktoru Murad Yəhyayev yerli kapital bazarının ekosistemi, kapital bazarında qanunvericilik və tənzimləmə çərçivəsi barədə, Bakı Fond Birjasının Listinq şöbəsinin baş məsləhətçisi Fərhad Mansurov və Məhsul İnkişafı Şöbəsinin aparıcı iqtisadçısı Ülkər Əhmədova qiymətli kağızların fond birjasında ticarətinə dair məlumatı, həmçinin qlobal və Azərbaycan üzrə makroiqtisadi və kapital bazarı trendlərinə aid bulleteni media nümayəndələrinə təqdim edib.
Bundan əlavə, ABB İnvest investisiya şirkətinin nümayəndəsi investisiya şirkətlərinin fəaliyyəti və IPO (İlkin İctimai Təklif), İnvest AZ investisiya şirkətinin əməkdaşı Rövşən Məmmədov isə beynəlxalq birjalar barədə - forex, əmtəə birjası haqqında məlumatı iştirakçılara təqdim edib.
Tədbir müzakirələrlə yekunlaşdı və iştirakçılar mövzu ilə bağlı suallarını mütəxəssislərə ünvanlamaq imkanı əldə ediblər. Sonda seminar iştirakçıları sertifikatla təltif olunublar.
Media nümayəndələri üçün belə seminarların keçirilməsi onların kapital bazarı sahəsində məlumatlılığını artırmaqla yanaşı, iqtisadi mövzularda daha dolğun və dəqiq məlumatların cəmiyyətə çatdırılmasına xidmət edir.
Yerli kapital bazarının inkişafı və maliyyə savadlılığının artırılması Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBIA) https://afbia.az/ əsas fəaliyyət istiqamətlərindən biridir.
13:39 27.02.2025
Oxunuş sayı: 1184