Politoloq: Rusiya- Ukrayna müharibəsinin davam etməsi mümkün görünmür

ABŞ Prezidentinin Rusiya- Ukrayna müharibəsinin nizamlanması üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Vaşinqtonun Rusiya- Ukrayna müharibəsinin tezliklə bitəcəyinə əminliyini bildirib.
"Trampın bu müharibə ilə nə edəcəyinə çox nikbin yanaşıram. Müharibənin tezliklə bitəcəyinə ona tam əminəm", - Kelloq deyib.
O, Ağ Evin keçmiş rəhbəri Cozef Baydenin Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara getmək istəməməsini də tənqid edib.
"Əvvəlki administrasiya dövründə bizim nəyimiz var idi? Bayden insanlarla belə danışmadı., o, dörd il Şimali Koreya lideri Kim Çen Inla danışmadı, Prezident Vladimir Putinlə iki il yarımdan çox danışmadı. Prezident Tramp başa düşür ki, müqavilələrin bağlanmasında iştirak edən hər kəslə danışmalıdır", - Kelloq deyib.
Rusiya-Ukrayna müharibəsi davam etdikcə, münaqişənin mümkün sonu və beynəlxalq vasitəçilərin rolu geniş müzakirə olunur. Hazırda Vaşinqtonun proseslərə necə yanaşacağı əsas müzakirə mövzusudur.
Bu barədə Crossmedia.az-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib ki, bəyanatların əsas məqsədi siyasi fon yaratmaqdır: “Bu danışıqlar bəhrəsini verə və danışıqlar uğurlu ola bilər. Ümidsiz çıxışlar, bəyanatlar həmin fonun yaranmasına gətirib çıxarmayacaq . Hər halda bu qənaət üzərindəki obyektiv mənzərəyə nəzər salsaq, görə bilərik ki, bu və ya digər şəkildə təxminən cəbhə xətti müəyyənləşib. Döyüşlər hazırda davam edir və Rusiya müəyyən məntəqələri ələ keçirir".
Politoloqun fikrincə, hər şey danışıqlardan asılı olacaq: "ABŞ və Ukrayna liderləri özləri də deyirlər ki, 1991-ci il sərhədlərinə qayıtmaq mümkün olmayacaq. Hərçənd savaş hələ davam edir. Avropa İttifaqı (Aİ) bu proseslərin sonunda oyundankənar vəziyyətdə qala biləcəyindən narahatdır. Ukraynanın davam edən ritorikasının əsas məqsəd müharibədə tərəf olduğunu göstərmək və onsuz proseslərnin həll olunmayacağına dair rəy yaratmaqdır.
Ekspert düşünür ki, Aİ-nin müharibə ilə bağlı müəyyən planları var: "Amma bu planların baş tutub- tutması sual altınadır. Çünki ABŞ Ukraynanı maliyyələşdirmək istəmir. Aİ-nin isə təkbaşına Kiyevə "sponsorluq" etmək imkanı yoxdur. Üstəlik, Rusiya Ukaynanın bəzə ərazilərini işğal edib. Bu, prosesi çətinləşdirir. Buna baxmayaraq, Kiyev də öz şərtlərini masaya qoyur. Ümumiyyətlə, müharibə ən qısa vaxtda dayanmalıdır. Savaşın bitməsi mümkün görünmür".
Fidan Xəlilova
16:44 26.02.2025
Oxunuş sayı: 1511