Rusiya müharibəni bitirir: "Hakimiyyətə qarşı təzyiqlər başlaya bilər"

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin Ukrayna ilə danışıqlara hazır olduğunu bildirib.
O, ölkə prezidentinin sülh danışıqları prosesinə müsbət yanaşdığını qeyd edib.
Rusiya rəsmiləri daha əvvəllər də dəfələrlə oxşar açıqlamalar verib. Buna baxmayaraq, Moskva həm də güzəştə getmək istəmir, öz şərtlərini diktə edir.
Rusiyanın bu ritorikası barədə Crossmedia.az-a politoloq Əhəd Məmmədli söyləyib ki, ABŞ Ukraynanı sıxışdırır: "Həmçinin verilən mesajlardan görünür ki, indi Rusiya danışıqlara daha meyillidir. Rusiya, cəbhədəki minimal üstünlüyü və ABŞ-nin təzyiqini Ukraynanı danışıqlara məcbur etmək üçün istifadə edəcəyini düşünür. Rusiyanın cəbhədəki və diplomatik arenadakı üstünlüyündən istifadə edərək müharibəni daha sürətlə bitirmək istədiyi görünür".
Ə.Məmmədli qeyd edib ki, müharibənin uzanması Rusiya üçün ağır nəticələrə səbəb ola bilər: " Rusiyanın bölgələrdə verdiyi itkilər, həmçinin müharibənin uzanmasının ölkəyə əlavə texniki və hərbi itki gətirməsi Moskva üçün problem yaradır. Rusiyanın itkiləri Çeçenistan müharibəsi ilə müqayisədə dəfələrlə çoxdur. Bu, Moskvanı narahat etməyə başlayıb. Belə davam edərsə, Putin rejiminə qsrşı ciddi təzyiqlər başlaya bilər".
Ekspertin sözlərinə görə, Rusiya danışlarda maraqlıdır: "Peskov Putin administrasiyasının danışıqları tələsdirmək istədiyini bildirir. Bu, Rusiyanın gələcəkdə qarşılaşacağı potensial baş ağrılarını nəzərə alaraq müharibənin daha da uzanmasının qarşısını almaq məqsədini güdür. Atəşkəsin əldə edilməs həm daxildən, həm də xaricdən hakimiyyətə təzyiqi azaldacaq".
Xumar Əhmədova
21:09 21.02.2025
Oxunuş sayı: 2696