Azərbaycan media resurslarına müdaxilə ilə bağlı AÇIQLAMA - "Peşəkar hücumdur"

“Global Media Group”un nəzdində fəaliyyət göstərən onlayn resurslara kütləvi haker hücumu həyata keçirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
Bildirilib ki, bu kiberhücumlarla əlaqədar hazırda “Report.az”, “Oxu.az”, “Media.az”, “Baku TV”, “Baku.ws”, “Cliber.az” saytlarının fəaliyyətində problem yaranıb.
"Serverlərə və saytların panelinə sızmalara cəhd edilir və saytların giriş səhifələrinə şəkillər yerləşdirilir.
Kütləvi kiberhücum cəhdinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir, hazırda saytların işinin bərpa olunması istiqamətində iş aparılır. Xüsusilə qeyd etmək istərdik ki, bu adi DDoS hücumu deyil, mütəşəkkil şəkildə təşkil olunmuş peşəkar kiberhücumdur. Bütün bu hücumlarla bağlı səlahiyyətli rəsmi qurumlara məlumat verilib", - açıqlamada deyilir.
XXX
13:12
Azərbaycanın bəzi elektron media resursları – saytlar İranda fəaliyyət göstərən "hüseynçilər" adlı haker qrupunun hücumuna məruz qalıb.
Haker hücumunun qarşısının alınması üçün hazırda proflaktik tədbirlər görülür.
XXX
12:46
Bu gün Azərbaycanda fəaliyyət göstərən və ölkənin əsas xəbər strukturlarından biri olan "Report" İnformasiya Agentliyi kiberhücuma məruz qalıb.
Crossmedia.az xəbər verir ki, agentliyin rəsmi saytı təxminən 1 saatdır fəaliyyət göstərmir.
Hücumun kimlər tərəfindən və hansı məqsədlə təşkil edildiyi hələlik məlum deyil.
"Report" agentliyi hadisə ilə bağlı açıqlama verməyib.
Hazırda kibertəhlükəsizlik üzrə mütəxəssislər hücumun qarşısını almaq və sistemin bərpası üçün tədbirlər görürlər.
Aybəniz Səfərova
13:16 20.02.2025
Oxunuş sayı: 9083