Zelenski Trampın “ayağını tapdaladı”: “…Xilas olmaq istəyir”

Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə gün əvvəl amerikalı investorlarla mineral ehtiyatların işlənməsinə dair sazişi imzalamaqdan imtina edib.
Zelenski bunu sazişin Ukraynanın maraqlarına cavab verməməsi və ölkənin təhlükəsizliyi üçün kifayət qədər təminatın olmaması ilə izah edib. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən tədbirdə çıxış edən Zelenski vurğulayıb ki, sənəd təbii sərvətlərin işlənməsindən əldə edilən gəlirlərin bölüşdürülməsi mexanizmlərinə yenidən baxılmasını tələb edirdi.
Zelenski nazirlərinə tapşırıb ki, aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılana qədər sazişi imzalamasınlar.
ABŞ prezidenti Donald Tramp fevralın 4-də Ukraynanın qiymətli metallarına sahiblənmənin qarşılığında Vaşinqtonun Kiyevə yardımı davam etdirməyə hazır olduğunu bildirib. Fevralın 12-də ABŞ-ın maliyyə naziri Skott Bessent Kiyevdə mineral ehtiyatlara dair saziş layihəsini təqdim edib, bir neçə gün sonra isə Ukrayna sazişə dəyişiklik edərək Vaşinqtona təqdim edib. Sənəddə konkret hansı məqamların redaktə edildiyi açıqlanmır.
Bir çox analitikin fikrincə, Zelenski beləliklə, ABŞ-a meydan oxumuş olub. Trampın bunu bağışlayıb – bağışlamayacağı isə sual altındadır. Axı o, təkcə siyasətçi deyil, həm də biznesmendir. Biznesmenlər isə planlarının pozulmasını sevmirlər.
Zelenskinin sözügedən qərarı və bunun mümkün nəticələri barədə Crossmedia.az-a danışan türkiyəli siyasi şərhçi Hasan Oktay xatırladıb ki, Tramp namizəd olandan sonra bütün çıxışlarında Ukraynada davam edən müharibəni bitirə biləcəyini bildirib: “Ukrayna isə bu dövrdə həm ABŞ-nin iqtisadi dəstəyini almaq, həm də sülh sazişi müzakirə mövzusuna çevriləndə ərazi mübadiləsi etmək üçün Rusiyanın 1000 km2 torpağını tutdu. Tramp isə hakimiyyətə gələndən sonra ciddi problemlə qarşı- qarşıya qaldı. Bir tərəfdən, Avropa İttifaqı (Aİ) Ukrayna böhranını bəhanə gətirərək Trampın ittifaqa təzyiq göstərməsinin qarşısını almağa çalışır, digər tərəfdən isə Zelenski Trampı balanslaşdırmaq üçün Ukrayna mədənlərinin istismarını ABŞ-la sövdələşmə mövzusuna çevirir.
Bundan əlavə, Polşa təcili olaraq Aİ ölkələrini Ukraynanı müzakirə etmək üçün Parisdə görüşə çağırıb. Bu yolla onlar Trampın Ukrayna böhranı vasitəsilə Avropanı uyğunlaşdırmaq cəhdlərinə qarşı tarazlıq yaratmaq istəyirlər. Əgər Aİ Ukrayna müharibəsi iqtisadiyyatının davam etməsini təmin edərsə, o zaman Trampın mövqeyinin necə formalaşacağını gözləyəcəklər. Belə olan halda sülh sazişi formulunun ortaya çıxması çətin görünür. Çünki Rusiya da, Ukrayna da tutduğu ərazilərdən geri çəkilmək istəmir. Putin deyir ki, Ukraynada seçki prosesi keçib və Zelenski seçkiyə getməlidir. Rəsmi Moskva qarşıdan gələn seçkilərdə Zelenskidən xilas olmaq və Ukraynada özünün maraqlarına uyğn dəyişiklik olmasını istəyir. Əslində ABŞ nə Ukrayna, nə də Qəzzada vaxt itirmək istəyir. ABŞ bütün addımlarını Çinə qarşı hərəkətə keçmək üçün atır”.
Kənan Novruzov
11:47 17.02.2025
Oxunuş sayı: 3084