Hər şey oyun idi: Rusiya- Ukrayna müharibəsinin əsl məqsədi üzə çıxdı…

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə ölkəsinin faydalı qazıntı ehtiyatlarının 50%-nə sahib olmaq hüququ verən sazişi imzalamaqdan imtina edib. Bu qərar Ukraynanın strateji təbii sərvətlər üzərində suverenliyini qorumaq niyyətində olduğunu göstərir və beynəlxalq siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.
ABŞ-nin ilk gündən Ukraynaya yardımlarının arxasında yalnız humanitar və hərbi dəstək məqsədi dayanırdımı? Yoxsa bu yardımların müəyyən siyasi və iqtisadi maraqlarla əlaqəsi var? Bu sual Ukrayna ilə ABŞ arasındakı münasibətlərin gələcək perspektivlərini daha da aktuallaşdırır.
Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli Crossmedia.az-a açıqlama verib:
“Ukrayna ətrafında oynanılan və korporativ maraqlara söykənən oyunlar təəssüf doğurur. ABŞ prezidenti Donald Trampın Ukraynanın faydalı qazıntılarının 50 faizini tələb etməsi bu ölkənin dünyada oynadığı status baxımından heyrət doğurur. Belə çıxır ki, ABŞ və Avropa İttifaqı Ukraynanın təbii sərvətlərini ələ keçirmək üçün müdafiə ediblər. Hətta belə çıxır ki, Ukraynanı buna təhrik ediblər. 2022-ci ildən bəri ABŞ-nin yardımları situasiyanı dəyişməyə xidmət etməyib. Belə görünür ki, xüsusi məqsədlərə xidmət edib və şərtli olub. İndi isə Tramp ölkəsinin niyyətini açıq-aşkar ifadə edib. Görünür, daha əldə edə biləcəkləri dvidentləri riskə atmaq istəmirlər. Ehtimal etmək mümkündür ki, Zelenski ABŞ-yə pozitiv işarələr verməsə, ona göstərilən yardımların həcmi daha da azalacaq. Cəbhədə mövcud status-kvonu saxlamaq şərtilə müharibənin dayandırılacağı inandırıcı təsir bağışlayır. Təəssüf ki, Trampın bu açıqlaması Zelenskinin manevr imkanlarına yer saxlamayıb. Bir neçə alternativ var: ya razılaşma, ya ABŞ-nin, üstəlik Aİ-nin də şərtlərini qəbul etməklə davam edən və sonu görünməyən müharibə, ya da yardımların dayandırılması fonunda Rusiyanın qabağında tək qalan Ukrayna”.
Ayhan Ağarzayev
17:30 15.02.2025
Oxunuş sayı: 4250