Politoloq: “Zelenski mesaj verdi, Trampla razılaşdırılıb”

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin dəstəyi olmadan ölkəsinin sağ qalmaq şansının çox aşağı olduğunu bildirib. O, ABŞ-nin yardımlarının Ukrayna üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb. Zelenski qeyd edib ki, ABŞ-nin dəstəyi olmadan Ukraynanın müharibəni davam etdirmək şansı çox azdır və bu, kritik bir məsələdir.
Ukrayna liderinin dediklərindən belə çıxır ki, ölkəsinin taleyi tamamilə Ağ Evdən aıslıdır. ABŞ Prezidenti Donald Tramp bunu bilə- bilə hələ də ciddi addımlar atmır. Sanki nəyisə gözləyir…
Bu barədə Crossmedia.az-a danışan politoloq Samir Hümbətov Zelenskinin sözügedən açıqlamasını Trampla danışıqlardan sonra razılaşdırılmış bir mesaj kimi qiymətləndirib: “Ukrayna hazırda ciddi problemlərlə üz-üzədir. Ukrayna hərbi-sənaye kompleksinin dağılması və iqtisadiyyatın çökməsi kimi ciddi çətinliklərlə qarşılaşır. Ölkənin bu formada təslim edilməsi kifayət qədər təhlükəlidir”.
S.Hümbətov qeyd edib ki, Rusiya hazırda Ukraynanın təxminən 20-25%-ni işğal edib: "Əgər Donald Tramp bu vəziyyəti qəbul edib Putinə güzəştə getsə, bu torpaqlar Ukraynanın nəzarətindən tamamilə çıxmış olacaq. Ukraynanın həmin əraziləri geri qaytarması son dərəcə çətin olacaq. Trampın Ukraynaya yardımı davam etdirməsi gözlənilmir. Əksinə, o, Avropadan 500 milyard dollar tələb edir. Bu isə Avropa təhlükəsizliyi üçün ciddi təhdidlər yarada bilər. Bu səbəbdən Ukraynanın işğal olunmuş ərazilərinin saxlanılması çox vacibdir və müharibənin davam etməsi ehtimalı hələ də qalır. Avropa dəstəyi davam etdirəcəyini bəyan edib".
Politoloq, həmçinin Trampın Zelenski ilə görüşündən sonra Avropa liderlərinin verdiyi açıqlamalara diqqət çəkib:
" Avropa İttifaqı Ukraynaya dəstəyi davam etdirəcəyini bəyan edib. Ukraynanı qoruya biləcək yeganə qüvvə yalnız ABŞ deyil, Aİ və Ukraynanın daxili resursları da müharibənin davam etdirilməsində mühüm rol oynaya bilər. Zelenskinin açıqlaması seçki strategiyasının bir hissəsi ola bilər. Zelenskinin son açıqlaması Trampla razılaşdırılmış bir mesaj ola bilər. Əgər müharibə dayansa, qarşıdan gələn prezident seçkilərində Zelenskinin ikinci müddətə qalması üçün ABŞ ona dəstək verə bilər”.
Fatimə Məmmədova
17:17 15.02.2025
Oxunuş sayı: 7812