Caliber.Az-a qarşı dezinformasiya: Saxta xəbərlər yayılır

Son saatlarda internetdə Caliber.Az-a aid olduğu iddia edilən saxta "xəbər" skrinşotu yayılmağa başlayıb. Həmin görüntüdə AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasının səbəbi kimi quşların göstərildiyi iddia olunur. Lakin saxtakarlıq açıq-aşkar görünür. Bu fotoşop səviyyəsində primitiv bir müdaxilədir.
Crossmedia.az xəbər verir ki, Caliber.Az bu hadisə ilə bağlı eksklüziv məlumat yayıb və həmin məqalədə təyyarənin Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemi tərəfindən vurulduğu açıq şəkildə bildirilib.
Qeyd edək ki, bu məlumat tam açıqdır, istənilən şəxs onu yoxlaya bilər.
Belə ki, real faktları təkzib edə bilməyəndə, bəzi dairələr alternativ "faktlar" uydurmağa çalışır. Saxta başlıqlar, manipulyativ mətnlər hazırlanır və anonim Telegram hesabları vasitəsilə tirajlanır.
Bu metod əvvəllər də istifadə olunub. O zaman Azərbaycan Xarici İşlər Nazirliyinin guya verdiyi bəyanatla bağlı saxta məlumat yayılıb. İndi isə hədəfdə Caliber.Az-ın olduğu bildirilir.
Bu saxtakarlığın məhz indi yayılması təsadüfi deyil. Çünki yaxın günlərdə Aktau faciəsi ilə bağlı yeni məlumatların açıqlanması gözlənilir. Əsas məqsəd isə cəmiyyəti çaşdırmaq və insanları saxta şəkillərə inanmağa sövq etməkdir.
Bu cür informasiya təxribatlarına uymamaq üçün yalnız rəsmi mənbələrə etibar edin.
Fatimə Məmmədova
19:22 13.02.2025
Oxunuş sayı: 3673