CROSSMEDIA - Tramp "sürətli" deportasiyalar prosesini genişləndirib
Xarici xəbərlər

Tramp "sürətli" deportasiyalar prosesini genişləndirib

Tramp administrasiyası, ABŞ-də ardıcıl olaraq iki il və ya daha çox müddət yaşadığını sübut edə bilməyən qanunsuz miqrantların sürətli deportasiya edilməsini nəzərdə tutan prosesi genişləndirib. 

Əvvəlcə yalnız ölkənin beynəlxalq sərhədlərindən 100 mil (160 km) məsafədə tutulan qanunsuz miqrantlara tətbiq olunan "sürətli deportasiya" siyasəti artıq ABŞ-ın istənilən bölgəsində tətbiq oluna bilər. 

Prezident Donald Tramp, kütləvi deportasiya vəd etməklə yanaşı, ABŞ-Meksika sərhədində milli fövqəladə vəziyyət elan edib. Bu addım hökumətə əlavə resurslar səfərbər etmək və qoşun yerləşdirmək imkanı verəcək. 

Qərar, Trampın ilk həftəsində həyata keçirdiyi bir sıra miqrasiya və sərhəd siyasəti tədbirlərindən biridir. 

Crossmedia.az “BBC”-yə istinadən xəbər verir ki, Federal Reyestrin veb saytında yayımlanan elana görə, ABŞ-də qanunsuz miqrantların sürətli deportasiyasını nəzərdə tutan siyasət 21 yanvar axşamından qüvvəyə minib. 

Elana əsasən, bu dəyişiklik milli təhlükəsizlik və ictimai asayişi gücləndirmək, həmçinin hökumət xərclərini azaltmaq məqsədi daşıyır. Siyasət, immiqrasiya proseslərini sürətləndirmək üçün nəzərdə tutulub. 

Yeni qayda ABŞ-nin Daxili Təhlükəsizlik Departamentinə ölkədə qanunsuz yaşayan böyük sayda miqrantlara qarşı daha təsirli mübarizə aparmağa və ölkədə qalmaq hüququ olmayan şəxslərin tezliklə deportasiya olunmasını təmin etməyə imkan verəcək. 

Ancaq genişləndirilmiş siyasətin məhkəmədə mübahisələndirilməsi ehtimalı var. 

İndiyə qədər ABŞ-də saxlanılan "icazəsiz" miqrantlara immiqrasiya məhkəməsinə çıxmaları üçün bildiriş verilirdi. Onlar məhkəmədə sığınacaq almaq üçün öz işlərini təqdim edə bilərdilər. Deportasiya prosesi yalnız hakimin qərarından sonra başlaya bilirdi. 

Lakin 20 yanvarda vəzifəsinin ilk günündə prezident Donald Tramp dəyirmi masa arxasında imzaladığı sərəncamlarla miqrasiya siyasətində sərt tədbirlər görməyə başladı. Bu sərəncamlara doğum yolu ilə vətəndaşlıq anlayışının təyin edilməsi və sərhəddə qanunsuz miqrasiyanın milli fövqəladə vəziyyət elan edilməsi daxildir.

Nicat Rüstəmzadə 

22:54 22.01.2025

Oxunuş sayı: 774

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR