Türkiyədəki yanğınla əlaqədar 4 nəfər saxlanıldı

Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç, Kartalkayadakı otel yanğını ilə bağlı aparılan istintaq çərçivəsində, otelin sahibi də daxil olmaqla 4 nəfərin saxlanıldığını bildirib. Bu barədə Crossmedia.az “TRT Haber”ə istinadən xəbər verir.
Bolu şəhərinin Kartalkaya bölgəsində baş verən otel yanğını ilə bağlı açıqlama verən nazir Tunç, Bolu Respublika Prokurorluğunun başlatdığı cinayət işinin hərtərəfli və diqqətlə davam etdirildiyini vurğulayıb. O, açıqlamasında, “istintaqa 6 prokuror təhkim edilib və otelin sahibi də daxil olmaqla 4 nəfər saxlanılıb” ifadələrinə yer verib.
Yanğının səbəbini müəyyənləşdirmək üçün 5 nəfərlik ekspert qrupunun araşdırmalarının davam etdiyini qeyd edən nazir Tunç, məsuliyyətin müəyyən edilməsi üçün işlərin aparıldığını bildirib. O, həmçinin əlavə edib: “İstintaqın hər mərhələsi böyük diqqət və həssaslıqla həyata keçirilir. Yanğın faciəsində həyatını itirən vətəndaşlarımıza bir daha Allahdan rəhmət, ailələrinə səbir, yaralı vətəndaşlarımıza tezliklə şəfa diləyirəm. Yanğından zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun diləklərimi çatdırır, belə acıların bir daha yaşanmamasını arzu edirəm”.
Nərgiz Camalzadə
18:32 21.01.2025
Oxunuş sayı: 2482