Qəzza xalqı sabahı partlayış səsləri olmadan açdı
Qəzza xalqı Təl-Əviv və HƏMAS arasında atəşkəs və məhbus mübadiləsi razılaşmasından sonra 7 oktyabr 2023-cü ildən bəri ilk dəfə atəş səsləri olmadan oyandılar.
Crossmedia.az xəbər verir ki, atəşkəsin qüvvəyə minməsi ilə İsrail ordusunun Qəzza zolağına 471 gündür davam edən hücumları dayanıb.
Qəzzalılar 15 aydan çox müddətdə ilk dəfə olaraq bir gecəni bomba və partlayış səsləri olmadan keçirə bildilər.
Qəzzada yaşayan fələstinlilər İsrail hücumları olmadan keçirdikləri ilk gecəni sosial şəbəkədə paylaşıblar.
Yusuf Həməda adlı qəzzalı sosial şəbəkədə "Qəzza uşaqlarının qorxusuz və bombardmansız yatdığı ilk gecə. Allaha şükürlər olsun"- başlığı ilə paylaşım edib.
Qeyd edək ki, İsrailin hücumları nəticəsində Qəzzada təxminən 17 841 uşaq və 12 298 qadın olmaqla 46 913 fələstinli həyatını itirib.
Bu hücumlarda ölən fələstinlilər qohumları və ya mülki müdafiə qrupları tərəfindən qeydə alınaraq dəfn olunmaq üçün yerli xəstəxanalara gətirilirdi.
Həyatını itirən fələstinlilər dəfn edilməzdən əvvəl xəstəxana morqlarında saxlanılırdı. Oktyabrın 7-də İsrailin hücumları başlayandan bəri Qəzzada minlərlə insan bu morqların qarşısında öz yaxınları üçün yas tuturdu.
İsrailin hücumlarının dayandırılması ilə oktyabrın 7-dən bəri ilk dəfə olaraq fələstinlilər bu gecə yaxınlarını itirmədilər və xəstəxana morqlarında gözləməli olmadılar.
Jurnalist Əbu Bəkr Abid Qəzzanın mərkəzində yerləşən Əqsa xəstəxanasının meyitxanası qarşısında lentə aldığı görüntüləri sosial media hesabında paylaşıb.
Abid, Əqsa Xəstəxanasının morq bölməsinin kilidləndiyini qeyd edib: "Oktyabrın 7-dən bu yana ilk dəfədir ki, bu xəstəxananın meyitxanası bağlanır. Gözlərim yaşarır. Artıq can itkisi, səfalət, cəsəd yoxdur. və daha yerə sıçrayan qan yoxdur bu dəhşətli səhnələr artıq yoxdur" deyə ürək sözlərini paylaşıb.
Aybəniz Səfərova
14:34 20.01.2025
Oxunuş sayı: 681