MKİ-nin keçmiş rəsmisindən ETİRAF
Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İsrailin İrana hücum planlarına dair çox məxfi sənədləri üzə çıxarmaqda günahlandırılan Asif Rəhman adlı keçmiş əməkdaşı dünən məhkəmədə ittihamlarını etiraf edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə sənədlərinə əsasən, Asif Rəhman ötən il oktyabrın 17-də “ABŞ-nin xarici müttəfiqi və onun xarici düşmənə qarşı planlaşdırdığı hərbi əməliyyatlar” haqqında iki çox məxfi sənədi yayıb. Məhkəmənin məlumatına görə, bu əməkdaş MKİ-də işlədiyi müddətdə məxfi sənədlərin şəkillərini çəkib və proqram təminatından istifadə edərək sənədləri elə redaktə edib ki, mənbə və izlərini gizlədə bilib. Daha sonra həmin sənədləri bir neçə nəfərə göndərərək çap olunmuş nüsxələri aradan qaldırıb.
Qeyd olunub ki, 2016-cı ildən MKİ-də işləyən 34 yaşlı Rəhman Kambocada saxlanılıb və milli müdafiə ilə bağlı məlumatları qəsdən saxlamaq və ötürmək ittihamı ilə 20 il müddətinə azadlıqdan məhrum edilə bilər.
16:40 18.01.2025
Oxunuş sayı: 1932