Qırğızıstanda Milli Elm Olimpiadalarına start verilib
Qırğızıstanda olimpiadalara start verilib. Burada ölkənin bütün ibtidai, orta və lisey şagirdləri iştirak edə biləcək.
Crossmedia.az xarici KİV-ə istinadən bildirir ki, Təhsil və Elm Nazirliyi tərəfindən təşkil edilən Elm Olimpiadalarının məqsədi, şagirdlərin təhsil səviyyəsinin müəyyən edilməsi və onların tədris prosesində daha fəal iştirakını təmin etməkdir.
Olimpiadalar şagirdlərdə yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, elmi tədqiqat fəaliyyətlərinə marağın artırılması və Qırğızıstanın beynəlxalq olimpiadalarda iştirak edəcək komandasının formalaşdırılması məqsədini daşıyır.
Belə ki, şagirdlər olimpiadalarda riyaziyyat, fizika, kimya, biologiya və kompüter elmləri sahələrində yarışacaqlar. Milli Elm Olimpiadaları dörd mərhələdə keçiriləcək.
Yanvar və fevral aylarında keçiriləcək ilk iki mərhələ onlayn formatda təşkil ediləcək. Mart və aprel aylarında şagirdlər olimpiadalara əyani şəkildə qatılacaqlar.
Şagirdlərə bir neçə mövzu üzrə olimpiadada iştirak etmək hüququ veriləcək.
Həmçinin, olimpiadaların qaliblərinə pul mükafatı ilə yanaşı müxtəlif hədiyyələr təqdim ediləcək. Bundan əlavə, yüksək nəticə göstərmiş məzunlara universitetə qəbul imtahanlarında xüsusi güzəştlər tətbiq ediləcək.
Qeyd edək ki, olimpiadalara qeydiyyat 18 yanvara qədər aparılacaq.
Fatimə Məmmədova
19:59 15.01.2025
Oxunuş sayı: 2815