Aİ Rusiyaya qarşı 16-cı sanksiyalar paketinin müzakirəsinə başlayır
Avropa Komissiyası (AK) Rusiyaya qarşı 16-cı sanksiyalar paketi ilə bağlı məsləhətləşmələrə gələn həftə başlayacaq.
Crossmedia.az xəbər verir ki, Polşa radiosu RMF FM-in Avropa diplomatik dairələrindəki mənbələrə istinadən verdiyi məlumata görə, müzakirələr 14 yanvar tarixində başlayacaq.
Aİ-yə hazırda sədrlik edən Polşa, yeni sanksiyalar paketinin Ukraynada müharibənin başlanmasının üçüncü ildönümü olan 24 fevral tarixində qəbul edilməsini planlaşdırır.
Mənbələrin məlumatına görə, Avropa İttifaqına üzv ölkələr arasında razılığın yanvarın sonu və ya fevralın əvvəllərində əldə olunması gözlənilir. Bununla belə, Slovakiya və Macarıstan nümayəndələrinin sərt məhdudiyyətlərə dair razılığa gəlməsi çətin olacaq.
Qeyd edək ki, Aİ-nin ötən ilin dekabr ayında qəbul etdiyi 15-ci sanksiyalar paketi bəzi üzv ölkələrin, xüsusilə də Slovakiya və Macarıstanın mövqeyi səbəbindən “çox yumşaq” olaraq qiymətləndirilmişdi.
Gültac Mehdizadə
18:33 11.01.2025
Oxunuş sayı: 4623