İspanya Suriya mövzusunda Türkiyə ilə əməkdaşlıq edəcək
İspanya Suriya mövzusunda Türkiyə ilə əməkdaşlıq edəcək.
Crossmedia.az "TRT Haber"ə istinadən xəbər verir ki, İspaniyanın Xarici İşlər naziri Xose Manuel Albares, sabit bir Suriyaya nail olmaq üçün İspaniya və Avropa Birliyinin Türkiyə ilə qüvvələrini birləşdirməli olduğunu bildirib. O, Fələstin məsələsi başda olmaqla, Orta Şərqdə bir çox mövzuda Türkiyə ilə əməkdaşlıq edən İspaniyanın bu siyasətini davam etdirəcəyini vurğulayıb:
"Suriya mövzusunda Türkiyə ilə əməkdaşlıq edəcəyik. Türkiyə İspaniyanın birinci dərəcəli tərəfdaşıdır. Türkiyənin Orta Şərq və Suriya ilə bağlı səsi İspaniya üçün olduqca qiymətlidir".
Albares, Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanla tez-tez görüşdüyünü qeyd edib:
"Onun fikirlərindən faydalanıram, çünki o, bölgədəki vəziyyəti mükəmməl bilir. Bu mənim üçün çox vacibdir. Sabit bir Suriyaya çatmaq üçün İspaniya və Avropa Birliyinin qüvvələrini Türkiyə ilə birləşdirməsi vacibdir".
İspaniya naziri əlavə edib ki, Suriya rejiminin devrilməsindən sonra yeni hökumətin atdığı addımlar müsbətdir:
"Suriya rəhbərliyinin zorakılıq tətbiq etmədiyini, qanlı diktaturaya son qoyduğunu və həbsxanaları boşaltdığını görürük".
Albares Suriyanın yeni rəhbərliyini dəstəklədiklərini, Suriyanın ərazi bütövlüyünü, suverenliyini təmin etmək və son 10 il ərzində əziyyət çəkən xalqın ehtiyaclarını qarşılamaq üçün humanitar yardım çatdırmaqda onlara dəstək olmaq istədiklərini qeyd edib:
"Qadınların, dini və etnik azlıqların hüquqlarına hörmət edilməsini də tələb edirik. İspaniya hər zaman Suriya xalqının yanında olacaq və AB-nin də orada olması üçün hər şeyi edəcək".
Fatimə Məmmədova
15:46 11.01.2025
Oxunuş sayı: 4329