Zelenskinin hakimiyyəti təhvil verəcəyi, seçkilər keçiriləcəyi proqnozlaşdırılır
Ukraynada prezident seçkilərinin keçirilməsi məsələsi gündəmdədir. Müxtəlif rəsmi və qeyri-rəsmi açıqlamalarda, prezident Volodimir Zelenskinin yaxın aylarda ölkəni tərk edə biləcəyi iddia edilib. Məlumatlara görə yayda və ya payızda Ukraynada həm prezident, həm də parlament seçkiləri keçiriləcək. Zelenski bu siyasi proseslərdən sonra hakimiyyəti təhvil verməyə hazırlaşır.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Oktay Qasımov isə vəziyyəti daha realist şəkildə dəyərləndirib. O bildirib: “Hazırda Ukraynada mövcud vəziyyət səbəbindən nə parlament, nə də prezident seçkilərinin keçirilməsi mümkün deyil. Əgər Rusiya-Ukrayna müharibəsi bu ilin sonuna qədər yekunlaşarsa və tərəflər arasında razılaşma əldə edilərsə, o zaman seçkilərin keçirilməsi mümkün hesab edilə bilər. Lakin Zelenskinin seçkiləri keçirib-keçirməməsi ilə bağlı yayılan şayiələrin xüsusi bir əsası yoxdur”. Rusiya qazının Ukrayna üzərindən tranzitinin dayandırılması məsələsinə də toxunan politoloq əlavə edib: “Bu addım Rusiyanın qazdan əldə etdiyi böyük maliyyə vəsaitlərini dayandırmaq məqsədi daşıyır. Müharibə şəraitində bu cür qərarlar Ukraynanın sosial-iqtisadi vəziyyətinə təsir etsə də, düşmən dövlətin maliyyə resurslarını kəsməyə yönəlib”.
Ukraynada müharibənin yaratdığı ağır sosial-iqtisadi şərait davam edir. Politoloq qeyd edib ki, “Müharibə ölkəyə yüz milyardlarla dollar ziyan vurub, şəhərlər dağıdılıb, 10 milyondan çox insan evsiz qalıb. Belə bir ağır vəziyyətdə hakimiyyət dəyişikliyi qaçılmaz görünür. Lakin seçkilərin keçirilməsi yalnız müharibə başa çatdıqdan sonra mümkün olacaq”.
Qasımov hesab edir ki, gələcəkdə Zelenskinin komandasında və ya siyasi arenada yeni namizədlər peyda ola bilər: “Ukrayna siyasi arenada rəqabət mühitinin olduğu bir ölkədir. Keçmiş prezidentlər, baş nazirlər və digər siyasi liderlər növbəti seçkilərdə iştirak edə bilərlər”.
Beləliklə, Ukraynada prezident seçkilərinin taleyi hələlik qeyri-müəyyən olaraq qalır və bu məsələnin müharibənin gedişatından asılı olduğu görünür.
Maral Şahverdili
12:32 09.01.2025
Oxunuş sayı: 5764