Bayden İtaliya səfərini ləğv etdi - Kaliforniyada vəziyyət ağırdır
ABŞ Prezidenti Co Bayden Kaliforniyada baş verən meşə yanğınlarına görə planlaşdırılmış İtaliya səfərini ləğv edib.
Crossmedia.az "Reuters"ə istinadən xəbər verir ki, Ağ Evdən verilən məlumata görə, Prezident yanğınlara qarşı federal səyləri istiqamətləndirmək üçün ölkədə qalmağı vacib hesab edib.
Dekabr ayında Ağ Ev Baydenin 9-12 yanvar tarixlərində İtaliyaya səfər edəcəyini, Papa Fransisk, İtaliya Prezidenti Serco Mattarella və Baş Nazir Corcia Meloni ilə görüşəcəyini elan etmişdi.
"Prezident Bayden bu axşam Los-Ancelesdən qayıtdı. O, gün ərzində yanğınlarla mübarizə aparan polis, yanğınsöndürənlər və fövqəladə hallar işçiləri ilə görüşüb və Kaliforniya üçün Böyük Fəlakət elanını təsdiqləyib. Bundan sonra qarşıdakı İtaliya səfərini ləğv etməklə tam federal müdaxiləyə diqqət yetirməyə qərar verib," – Ağ Evdən bildirilib.
Los-Anceles ətrafında baş verən yanğınlar çərşənbə günü Hollivud təpələrinə qədər yayılıb. Bölgədəki digər beş yanğın isə azı beş nəfərin həyatına son qoyub, yüzlərlə evi külə döndərib və yanğınsöndürmə resurslarını tamamilə tükəndirib.
Nabat Fərzəliyeva
04:55 09.01.2025
Oxunuş sayı: 4414