Cənubi Qafqaz

Analitik: Fransa Cənubi Qafqaza girə bilməyəcək

Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində toxunduğu məsələlərdən biri də Azərbaycan – Fransa münasibətləri ilə bağlı olub. Məlum olduğu kimi, rəsmi Paris uzun müddətdir ki, Cənubi Qafqaza və Azərbaycana qarşı qeyri- obyektiv mövqe ortaya qoyur. Yelisey Sarayı bütün imkanları ilə regiona müdaxilə etməyə çalışır. Bunun üçün Ermənistandan istifadə edən Fransa nəticədə Azərbaycanla münasibətləri pisləşdirməyə davam edir.  Maraqlıdır, İlham Əliyevin dünənki mesajlarından sonra Fransa hansı addım atacaq? Makron höküməti, nəhayət, Azərbaycanla münasibətləri normallaşdırmaq barədə düşünəcəkmi?

Bu barədə Crossmedia.az-a açıqlama verən politoloq Yalçın Hacızadə bildirib ki, Azərbaycan-Ermənistan münaqişəsinin həll edilməsi üçün yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədri olaraq heç bir iş görməyən Fransanın ölkəmizə qarşı qeyri-konstruktivliyi iki ölkə arasında münasibətləri daha da gərginləşdirir: “Öz torpaqlarımızı işğaldan azad etməklə Fransa kimi ölkələrin bizə olan təsirini sıfırladıq. Yüz illərdir Afrika xalqlarını işğalda saxlayan Fransa üçün bu gözlənilməz və arzuolunmaz oldu. Çünki işğalın arxasında Fransa kimi ölkələrin dayanmasına baxmayaraq, bizim öz suverenliyimizi təmin edə bilməyimiz başqa işğala məruz qalan xalqlar üçün də bir örnəkdir. Elə buna görə də bu gün Fransanın kolonialist siyasətindən əziyyət çəkən xalqlar etirazlar edir, müstəqilliklərini tələb edir. Dünyada texnikanın, texnologiyanın, əsasən də sosial şəbəkələrin inkişafı Fransa kimi ölkələri ifşa edir. Daha başqa ölkələri insan hüquqlarını pozmaqda ittiham edərək, cəzalandırmağa çalışmaq, amma özünün yüz illərdir milyonlarla insanı ən təməl yaşayışdan, hüquqdan məhrum etməyini gizlətmək mümkün deyil”.

Yalçın Hacızadə: Azərbaycan Zəfərə çoxşaxəli yollarla nail oldu - AZƏRTAC

Politoloqun fikrinə görə,  Fransanın ikiüzlü siyasəti beynəlxalq münasibətlərdə onun üçün effektsizdir: “Hakimiyyətdə olan prezident Makronun da ciddi baxış bucağı, geniş dünyagörüşü yoxdur. Hadisələrə keçən əsrin siyasəti kontekstindən təsir etməyə çalışır. Bunu da artıq bizim kimi ölkələr qəbul etmir. Ermənistanı bizə qarşı separatizmə təşviq etməklə rəsmi Paris bizə təsir göstərə bilməz. Amma biz Fransaya bu ölkənin işğalı altında olan xalqlarla əməkdaşlığımızı gücləndirməklə daha çox təsir edə bilərik. Bu, Makronun və digər fransız rəsmilərinin bildirdiyi kimi, Fransanın daxili işlərinə qarışmaq deyil. Beynəlxalq hüququn, əsasən də hər bir xalqın öz müqəddaratını həll etmə hüququ vardır prinsipinin bərqərar olmasına çalışmaqdır. Azərbaycan şərqlə qərbi, cənubla şimalı birləşdirən çox vacib coğrafi mövqedə yerləşir. Bu, bir çox ölkənin bizimlə münasibətləri yaxşılaşdırmasına maraq yaradır. Ona görə Fransa regionumuzda, Orta Asiyada maraqlarının təmin olunmasını istəyirsə, güc, hədə-qorxu, şantaj kimi təsirini itirmiş vasitələrdən deyil, xoş, səmimi, hər tərəflərin maraqlarına uyğun addımlar atmalıdır. Əks halda Fransanın Cənubi Qafqaza və Orta Asiyaya giriş imkanı olmayacaq”.

Fidan Hacızadə

11:19 08.01.2025

Oxunuş sayı: 5380

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR