Errol Mask: “İlon Mask Premyer Liqa ilə maraqlanır və komanda almaq istəyir”
İlon Maskın atası Errol Mask, oğlunun uzun müddətdir Premyer Liqa ilə maraqlandığını və bir komanda satın almaq niyyətində olduğunu açıqlayıb. Hətta Mask, “Liverpool”u almaq istəyini dolaylı olaraq ifadə edərək futbol dünyasında böyük spekulyasiya yaradıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-də qatıldığı bir müsahibədə Errol Mask, oğlunun futbola olan marağını və bir komanda almaq istəyini dilə gətirib. Lakin bu marağın mütləq bir satın alma mənası daşımadığını da vurğulayıb. Məsələ ilə bağlı açıqlamasında o deyib: “Kim belə bir kluba (“Liverpool”) sahib olmaq istəməz ki? Mən də istərdim”.
“Liverpool”un hazırkı sahibi Fenway Sports Group (FSG), bu açıqlamalardan sonra yaranan şayiələri təkzib edib. Şirkətdən verilən açıqlamada bu xəbərlərin əsassız olduğu vurğulanıb və klubla bağlılıqlarını davam etdirdiklərini bildiriblər.
Daha əvvəl FSG-nin prezidenti Mayk Gordon, “Liverpool”un gələcəyinə uzunmüddətli sərmayələr etdiklərini və kluba bağlı qaldıqlarını bəyan etmişdi. FSG-nin idarəçiliyi dövründə “Liverpool” 2019-cu ildə Çempionlar Liqasını, 2020-ci ildə isə Premyer Liqanı qazanmağı bacarıb.
Hazırda klub həm Premyer Liqada, həm də Çempionlar Liqasında uğurlu çıxışını davam etdirir. Errol Mask şəxsi bir fikrini də paylaşaraq bildirib ki, “Liverpool” ilə ailə bağları var və gənclik illərində klub üçün çalışıb.
Bu açıqlama əslində İlon Maskın İngiltərə siyasətinə marağının artmasından sonra gəlir. X platformasında İngiltərədəki hadisələrlə bağlı açıqlamalar verən Mask, İngiltərənin Baş Naziri Keir Starmerin demokratik proseslərə zərər verdiyini qeyd etmişdi.
Emil Nağızadə
10:47 08.01.2025
Oxunuş sayı: 4593