ABŞ-da raket texnologiyaları ilə bağlı yeni qərar verilib
ABŞ Administrasiyası müttəfiqlərin müdafiə qabiliyyətini gücləndirmək məqsədilə raket texnologiyaları üzərindəki ixrac nəzarəti rejimini (RKTN) yenidən tənzimləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yanvarın 3-də ABŞ Prezidenti Co Bayden milli təhlükəsizlik üzrə bir memorandum dərc edib. Sənəddə federal hökumət tərəfindən raket texnologiyaları nəzarət rejiminin tətbiqi ilə bağlı siyasi tövsiyələr yenilənib.
Mətnə əsasən, bu dəyişikliklər ABŞ-ın nüvə silahlarının yayılmamasına sadiqliyini qoruyaraq, müttəfiqlərin müdafiə qabiliyyətlərini gücləndirmək, ABŞ-ın müdafiə sənayesini gücləndirmək, müdafiə ticarətini optimallaşdırmaq və rəqibləri cilovlamaq kimi məqsədləri dəstəkləməyə xidmət edir. Yenilənmiş qaydalar ABŞ-ın AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ-ın hərbi tərəfdaşlığı) kimi müdafiə təşəbbüslərini irəli apararaq müttəfiqlərlə birgə müdafiə məqsədlərinə çatmasına kömək edəcək. Bununla yanaşı, ABŞ nüvə silahlarının yayılmaması və ixrac nəzarəti siyasətində liderliyini qorumaqda davam edəcək.
Sənəddə qeyd olunur ki, milli təhlükəsizlik memorandumu, 1-ci kateqoriya RKTN raketlərinin, pilotsuz uçuş aparatlarının və kosmik daşıyıcı raketlərin “etibarlı ixrac nəzarəti sisteminə malik olan xüsusi tərəfdaşlara” ötürülməsini dəstəkləmək üçün “fərdi halların daha çevik şəkildə nəzərdən keçirilməsini” nəzərdə tutur. Bununla belə, dəstək bu sistemlərin tam müstəqil istehsalını təmin edən kompleks istehsal güclərinin ötürülməsini istisna edir.
Gültac Mehdizadə
07:11 08.01.2025
Oxunuş sayı: 4400