ABŞ və Yaponiya müttəfiqliyi qlobal xarakter daşıyır
Yaponiya xarici işlər naziri Takeşi İvaya və ABŞ dövlət katibi Antoni Blinken ikitərəfli alyansın çəkindiricilik və cavabvermə imkanlarının gücləndirilməsi istiqamətində əməkdaşlığın vacibliyi barədə razılığa gəliblər.
Crossmedia.az “NHK”yə istinadən xəbər verir ki, iki ölkənin yüksək səviyyəli rəsmiləri çərşənbə axşamı Tokioda görüşüblər.
Görüşün əvvəlində Takeşi İvaya regional məsələlər və ikitərəfli əlaqələrin vəziyyəti barədə ətraflı müzakirələrin aparılacağına ümid etdiyini bildirib. O, Yaponiya-ABŞ alyansını yeni zirvələrə qaldırmaq istəyini vurğulayıb.
Antoni Blinken isə ikitərəfli münasibətlərin hər zamankından daha güclü olduğunu deyib. O, bu münasibətlərin təkcə ikitərəfli əlaqələrlə məhdudlaşmadığını, həqiqətən də qlobal xarakter daşıdığını qeyd edib.
Görüşdə tərəflər Çinlə bağlı məsələlər və Ukraynadakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Həmçinin Şimali Koreyanın bazar ertəsi həyata keçirdiyi ballistik raket buraxılışını qınayıb və Şimali Koreya ilə bağlı məsələlərdə, o cümlədən yapon vətəndaşlarının qaçırılması hadisəsi ilə əlaqədar Cənubi Koreya ilə birlikdə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
ABŞ polad şirkəti “US Steel”in Yaponiyanın “Nippon Steel” şirkəti tərəfindən satın alınması planına toxunan diplomatlar Yapon şirkətlərinin ABŞ-a investisiyalarının əhəmiyyətini qeyd ediblər.
Görüşün sonunda tərəflər Yaponiya-ABŞ münasibətlərinin qorunması və daha da gücləndirilməsi üçün sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Nərgiz Camalzadə
13:41 07.01.2025
Oxunuş sayı: 4068