Şimali Koreya “yeni növ hipersəs ballistik raket” sınağı keçirdiyini təsdiqlədi
Şimali Koreya dünən yeni növ orta mənzilli hipersəs ballistik raketin sınaqdan keçirildiyini elan edib və sınağın uğurla tamamlandığını bildirib.
Crossmedia.az Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinə( KCNA) istinadən xəbər verir ki, ölkə lideri Kim Çen In raket sınaqlarını şəxsən izləyib. Kim, dünyada belə bir silah sisteminə yalnız bir neçə ölkənin sahib ola biləcəyini vurğulayıb.
Kim Çen In raketin “Sakit Okean regionundakı bütün rəqiblərə qarşı istifadə oluna biləcəyini” qeyd edərək, sınağın müdafiə məqsədli olduğunu bildirib.
KCNA-nın məlumatına əsasən, raketin mühərrik gövdəsində karbon lifinin yeni bir komponentindən istifadə edilib. Orta mənzilli hipersəs ballistik raketin test atışları uğurla başa çatıb.
Cənubi Koreya isə dünən Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində hipersəs xüsusiyyətli olduğu ehtimal edilən raket atdığını təsbit edib. Raketin təxminən 1100 kilometr uçduqdan sonra suya düşdüyü açıqlanıb.
Qeyd edək ki, Cənubi Koreya Şimali Koreyanın sonuncu dəfə 5 noyabr 2024-cü ildə Yapon dənizinə doğru bir neçə qısa mənzilli ballistik raket buraxdığını bildirmişdi. Həmçinin, Şimali Koreya lideri Kim Çen In 2024-cü ildə bərk yanacaqla işləyən yeni orta mənzilli hipersəs raketin test atışını şəxsən müşahidə etmişdi.
Fidan Hacızadə
13:28 07.01.2025
Oxunuş sayı: 3959