Vergi rəsmisi: Qeyri-neft-qaz sektorunda 100 manat gəlir üçün 1,16 manat xərcləyirik
Vergi orqanları qeyri-neft-qz sektorunda dövlət büdcəsinə 100 manat gəlir təmin etmək üçün 1,16 manat xərcləyir.
Crossmedia.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Bakıda keçirilən "Dayanıqlı Biznes: Korporativ İdarəetmə, Risk və Komplayens" adlı tədbirdə bildirib.
"Bu, azdır, yoxsa çoxdur? Biz müqayisəli göstəricilərə (benchmark) baxırıq. Hələlik daxili rahatlığımız var ki, bu xərc çox deyil. Amma hədəfimiz ondan ibarətdir ki, bu xərc artmasın, dövlət orqanı daha effektiv işləsin və büdcə gəlirlərinin təmin edilməsinə nail olsun. Texnologiyaların tətbiqi olmadan bu mümkündürmü? Mümkün deyil. Proqram təminatı, eləcə də yeni texnoloji həllər, xüsusilə süni intellektin tətbiqi və qeyri-maddi aktivlərin yaradılması artıq daha əlçatandır. Burada, xüsusilə vergi orqanı kimi həssas məlumatlarla və kommersiya sirri ilə işləyən dövlət qurumlarında süni intellektin tətbiqi zamanı təhlükəsizlik və məlumatların qapalı məkanda emalı xüsusi əhəmiyyət daşıyır. Bu isə böyük hesablama gücünə malik server avadanlıqları tələb edir. Düşünürəm ki, bank sektorunda da vəziyyət analojidir. Biz burada açıq mənbələrə və ya açıq platformalara çoxsaylı, böyük həcmli məlumatlar göndərərək onların təhlilini əldə edə bilmirik. Ona görə də həssas məlumatlar mümkün qədər qapalı mühitdə emal olunmalıdır", - deyə o qeyd edib.
Bundan başqa, vergi rəsmisi deyib ki, dövlət orqanlarında qərarların çevik qəbuluna maliyyələşmə mane olur: Biznesdən fərqli olaraq, dövlət orqanlarında qərarların çevik qəbuluna mane olan bəzi məsələlər var. Bunlardan biri də maliyyələşmə ilə bağlıdır. Yəni istənilən vaxt dərhal maliyyələşməni təmin etmək mümkün olmur. Məsələn, texnologiyalar gözləmir ki, büdcə ili başa çatsın, növbəti büdcə ilində həmin büdcə təşkilatının büdcəsi nəzərdə tutulsun və yalnız bundan sonra yeniliklərin tətbiqinə başlanılsın. Biznes nümayəndələri də yəqin bilirlər ki, vergi orqanları üçün rəqəmsallaşma, elektron xidmətlərin tətbiqi, bu sahədə infrastrukturun tamlığı, eləcə də əməkdaşların hazırlıq səviyyəsi, qeyri-maddi aktivlərin mövcudluğu və yenilənməsi daim diqqətdə saxlanılır və büdcələmə prosesində əhəmiyyətli yer tutur".
13:20 20.10.2026
Oxunuş sayı: 51