Fransada etirazlar zamanı qumbara tələbənin əlini qopardı
Fransanın Sent-Etyen şəhərində oktyabrın 17-də keçirilən etiraz aksiyası zamanı polis qumbarasının partlaması nəticəsində 17 yaşlı tələbənin sağ əli qopub.
Crossmedia.az xəbər verir ki, Fransanın "Le Figaro" qəzeti bu barədə məlumat yayıb.
Bildirilib ki, yaralanan gəncin vəkili Yasin Buzru hadisə ilə əlaqədar iki şikayət ərizəsi təqdim edib. Şikayətlərdən biri qumbaradan istifadə edən hüquq-mühafizə orqanı əməkdaşına, digəri isə Fransanın daxili işlər naziri Loran Nunesə qarşı yönəlib.
Birinci şikayətdə polis əməkdaşı silahdan istifadə etməklə və vəzifə səlahiyyətlərindən yararlanmaqla ağır xəsarətə səbəb olan qəsdən zorakılıq törətməkdə ittiham edilir.
İkinci şikayətdə isə daxili işlər naziri Loran Nunesin xüsusi vasitələrin, o cümlədən qumbaraların tətbiqinə göstəriş verməklə ağırlaşdırıcı hallarda zorakılıq əməllərində iştirak etdiyi iddia olunur. Nazir barəsində şikayət Respublika Ədalət Məhkəməsinə təqdim edilib.
Hadisənin araşdırılması Milli Jandarmanın Baş Müfəttişliyinə və Milli Polisin Baş Müfəttişliyinə həvalə olunub.
Qeyd edək ki, Fransada etiraz aksiyaları sentyabrın sonunda təhsil sistemindəki problemlərə qarşı lisey şagirdlərinin nümayişləri ilə başlayıb və tədricən bütün ölkəni əhatə edib.
Oktyabrın 17-də ölkə üzrə 500 mindən çox insan küçələrə çıxıb. Aksiyalarda gənclər, həmkarlar ittifaqlarının nümayəndələri, fəallar və işçi hərəkatlarının üzvləri iştirak ediblər. Etirazçılar yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı çıxıblar.
Oktyabrın 19-da Fransanın Baş naziri Sebastyen Lekornü kütləvi iğtişaşlarla əlaqədar ölkədə fövqəladə vəziyyətin tətbiq oluna biləcəyini açıqlayıb.
12:29 20.10.2026
Oxunuş sayı: 59