Reper Navai Qazaxıstanda həbsdən azad edilib
Qazaxıstanda narkotik vasitələrin qaçaqmalçılığında şübhəli bilinərək həbs edilən azərbaycanəsilli rusiyalı reper Nəvai Bəkirov (Navai) azadlığa buraxılıb.
Crossmedia.az xəbər verir ki, "Mash" "Telegram" kanalı bu barədə məlumat yayıb.
Məlumata görə, sənətçi girov müqabilində azad edilib. Bununla belə, ona qarşı narkotik vasitələrin qaçaqmalçılığı ilə bağlı açılan cinayət işi bağlanmayıb.
Bildirilib ki, reper barəsində ölkəni tərk etməmək barədə iltizam tədbiri tətbiq olunmayıb. O, artıq Rusiyaya yola düşüb.
Qeyd edək ki, Nəvai Bəkirov Qazaxıstanın Taraz şəhərindəki 13 nömrəli istintaq təcridxanasında saxlanılırdı. Oktyabrın 19-da axşam saatlarında təcridxanaya qaytarılan sənətçi oktyabrın 20-də məhkəmə iclasına çıxarılıb.
Xatırladaq ki, reper oktyabrın 13-də Qırğızıstandan Qazaxıstana daxil olarkən "Korday" sərhəd-keçid məntəqəsində saxlanılıb. Sərhədçilər onun avtomobilini yoxlayarkən xidməti itin köməyi ilə narkotik vasitə aşkar ediblər.
Hadisə ilə bağlı sənətçi barəsində narkotik vasitələrin qaçaqmalçılığı faktı üzrə cinayət işi başlanıb.
11:57 20.10.2026
Oxunuş sayı: 55