Edam xəbərlərindən sonra yayılan videonun həqiqiliyi sual doğurur
Səudiyyə Ərəbistanında Məkkə şəhərindəki məsciddə nalayiq hərəkətlər törətməkdə təqsirli bilinən iki Banqladeş vətəndaşı edam edilib.
Crossmedia.az xəbər verir ki, “Gulf News” Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin açıqlamasına istinadən bu barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, edam edilən şəxslər Nazrul İslam Əbdül Basir və Siti Axtardır. Bildirilib ki, təhlükəsizlik qüvvələri onların Məkkədəki məscidlərin birində əxlaqa zidd hərəkətlər törətdikdən sonra saxlanıldığını açıqlayıb.
Araşdırmadan sonra hər iki şəxsə qarşı ittiham irəli sürülərək iş məhkəməyə göndərilib. Məhkəmə onları təqsirli bilərək taəzır cəzası çərçivəsində ölüm hökmünə məhkum edib. Taəzır İslam hüququnda cəzanın növü və həddinin müəyyən hallarda məhkəmənin mülahizəsinə əsasən müəyyən edildiyi cəza növüdür.
Nazirlik hökmün əməlin ağırlığı, məscidin müqəddəsliyinin pozulması və hadisənin başvermə şəraiti nəzərə alınaraq çıxarıldığını bildirib. Qərar müvafiq məhkəmə instansiyası tərəfindən təsdiqləndikdən və icra üçün kralın əmri verildikdən sonra hökm həyata keçirilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında iki Banqladeş vətəndaşının edam edilməsindən sonra hicababənzər örtük deyil, burqa geyinmiş qadının başının kəsildiyini göstərdiyi iddia olunan video sosial şəbəkələrdə yayılıb.
Bu barədə yayılan məlumatlarda sözügedən görüntülərin oktyabrın 14-də Məkkədə edam edildiyi bildirilən Nazrul İslam və Siti Axtarla əlaqəli olduğu iddia edilir.
Məlumatlara görə, hər iki şəxs məsciddə nalayiq hərəkətlər törətməkdə ittiham olunaraq edam edilib. Sosial şəbəkə istifadəçilərindən biri videonu paylaşaraq Banqladeş vətəndaşlarının cinsi xarakterli cinayətlərə görə başlarının kəsildiyini iddia edib.
Lakin təqdim olunan məlumatlarda videonun həqiqətən Səudiyyə Ərəbistanında çəkildiyini və ya həmin şəxslərin edamını əks etdirdiyini təsdiqləyən müstəqil sübut göstərilmir. Buna görə də görüntülərin həmin hadisə ilə əlaqəsi təsdiqlənmiş fakt kimi təqdim edilə bilməz.
11:01 20.10.2026
Oxunuş sayı: 90