Tramp andiçmə günü ABŞ bayraqlarının yarıya endirilməsinə narazılıq edib
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, keçmiş prezident Cimmi Karterin anılması məqsədilə 20 yanvarda keçiriləcək andiçmə mərasimində bayraqların yarıya qədər endirilmiş vəziyyətdə qalmasına narazılığını bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Co Bayden 29 dekabrda vəfat edən Karterin xatirəsinə uyğun olaraq bayraqların 30 gün müddətinə yarıya endirilməsini əmr etmişdi.
9 yanvarda Vaşinqtonda Karterin vida mərasimində iştirak edəcəyini bildirən Tramp, Truth Social platformasında yazdığı mesajda, andiçmə mərasimi zamanı bayraqların matəm vəziyyətində qalmasına qarşı çıxdığını bildirib.
“Demokratlar, gözəl və möhtəşəm Amerika bayrağımızın mənim andiçmə mərasimimdə ‘yarıya qədər’ endirilməsindən böyük məmnunluq duyurlar," deyə Tramp bəyan edib.
“Onlar bunu heyrətlə qarşılayır və sevinc içindədirlər, çünki əslində, ölkəmizə bağlı deyillər, yalnız öz mənafelərini güdürlər" deyə Tramp əlavə edib.
Tramp həmçinin bildirib ki, Karterin ölümündən sonra ilk dəfə olaraq ABŞ bayrağı bir gələcək prezidentin andiçmə mərasimi zamanı yarıya qədər endirilmiş vəziyyətdə olacaq.
“Bu mənzərəni heç kim istəməz, heç bir amerikalının da ürəyi bundan açılmaz. Gözləyək və baxaq, necə olacaq,” Tramp əlavə edib.
Ağ Evin sözçüsü Karine Jean-Pierre qərarın dəyişdirilməyəcəyini bildirib.
Elnurə Kərimova
11:37 05.01.2025
Oxunuş sayı: 3364