Rusiya ölkəyə daxil olan miqrantlar üçün rəqəmsal profillər yaradacaq
Rusiyaya daxil olan miqrantların statusunu izləmək məqsədilə şəxsi və biometrik məlumatları özündə birləşdirən rəqəmsal profillər yaradılacaq.
Crossmedia.az xəbər verir ki, iyunun 30-dan etibarən Rusiyaya istənilən sərhəd keçid məntəqəsi vasitəsilə daxil olan xarici vətəndaşlar barmaq izləri və şəkillərini təqdim etməli olacaqlar. Bu məlumatlar rəqəmsal profilin əsasını təşkil edəcək.
Rusiya Rəqəmsal İnkişaf Nazirliyi bildirib ki, əcnəbilər istədikləri halda (RuID) tətbiqində öz rəqəmsal profillərini yarada bilərlər. Eksperiment çərçivəsində hazırlanmış bu tətbiq xarici vətəndaşlar üçün dövlət xidmətlərinin analoqu kimi fəaliyyət göstərəcək.
RuID tətbiqində miqrantlar Rusiyaya səfərləri ilə bağlı məlumat təqdim edə, ölkədə tibbi sığorta üçün müraciət etmək və ya Daxili İşlər Nazirliyində qeydiyyatdan keçmək kimi müxtəlif xidmətlərdən yararlana biləcəklər.
Dəyişikliklər Belarus vətəndaşlarına, altı yaşdan kiçik uşaqlara, diplomatlara və xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluq idarələrinin əməkdaşlarına, eləcə də onların ailə üzvlərinə, beynəlxalq təşkilatların Rusiya akkreditə olunmuş nümayəndəliklərində çalışan əməkdaşlara və onların ailə üzvlərinə şamil edilməyəcək.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev müasir texnologiyalardan istifadə edərək miqrantların ölkəyə girişi və sonrakı hərəkətinə nəzarətin vacibliyini vurğulayıb.
Nabat Fərzəliyeva
06:58 04.01.2025
Oxunuş sayı: 3663