BMT İsraildən sübut tələb edir
BMT-nin İnsan haqları üzrə Komissarı Volker Türk deyib ki, İsrail Qəzza xəstəxanaları ilə bağlı iddialar üçün sübut təqdim etməyib.
O, BMT-nın İsrailin Qəzzada 27 səhiyyə müəssisəsinə ölüm və dağıntılara səbəb olan 136 hücumunu qeydə aldığını söyləyib. İsrail tez-tez Fələstin silahlı qruplarının bu cür obyektlərdən hərbi məqsədlər üçün istifadə etdiyini bildirsə də, Türk İsrailin bu iddiaları sübutlarla dəstəkləmədiyini bildirib:
“İsrail, qeyri-müəyyən və geniş olan bu iddiaları əsaslandırmaq üçün kifayət qədər məlumat təqdim etməyib. Bəzi hallarda onlar ictimaiyyətə açıq olan məlumatlarla ziddiyyət təşkil edir.”
Crossmedia.az “Al Jazeera”yə istinadən xəbər verir ki, V.Türk, İsrailin xəstəxanalara hücumlarını və HƏMAS-ın bu obyektlərdən hərbi məqsədlər üçün istifadə etdiyi iddialarını araşdırmaq üçün müstəqil araşdırma aparılmasını təklif edib.
Avstriyalı hüquqşünas, İsrailin müharibə üsullarının və vasitələrinin on minlərlə insanın ölümünə, böyük köçlərə və ərazilərin xarabalığa çevrilməsinə səbəb olduğunu açıqlayıb:
“Qəzzada dünyanın gözü qarşısında insan haqları fəlakəti davam edir”.
Nicat Rüstəmzadə
19:30 03.01.2025
Oxunuş sayı: 5102