Mask Britaniyanın baş nazirini zorakılığa şərik olmaqda ittiham edib
Amerikalı milyarder İlon Mask Böyük Britaniyanın baş naziri Keir Starmeri zorakılıq cinayətlərində “şərik” adlandırıb.
Crossmedia.az bildirir ki, bu barədə o, X sosial şəbəkəsindəki hesabında yazıb.
“Starmer Britaniya xalqının mənəvi pozulmasında iştirak edib. O, altı il ərzində Kral Prokurorluğunu idarə edərkən kütləvi zorakılıqların qarşısını almaqda uğursuz olub. Starmer istefa verməli və Britaniya tarixindəki ən dəhşətli cinayətlərdən birinə şərik olduğu üçün ittiham edilməlidir,” – deyə Mask paylaşımında qeyd edib.
Bundan başqa, Mask daha əvvəl Starmeri tənqid edən və onu bu cür cinayətlərlə mübarizə aparmaqdan imtina edən, lakin sosial mediada yanlış məlumat yayanlara qarşı fəal hərəkət edən biri kimi göstərən bir karikatura da yayımlayıb.
Qeyd edək ki, Mask daha öncə Britaniya Kralı III Çarlza parlamenti buraxmağı və ölkənin təhlükəsizliyi naminə növbədənkənar seçkilər təyin etməyi tövsiyə edib. O, X sosial şəbəkəsində Benonwine adlı istifadəçinin bu barədə paylaşımına müsbət cavab verərək fikri dəstəkləyib.
Gültac Mehdizadə
15:11 03.01.2025
Oxunuş sayı: 4662