Misir və Böyük Britaniya Qəzza, Suriya və Sudan məsələlərini müzakirə edib
Misir Xarici İşlər Naziri Bədr Əbdülətti və Böyük Britaniyanın Milli Təhlükəsizlik Müşaviri Conatan Pauell cümə axşamı Qahirədə görüşərək, Qəzza, Suriya və Sudandakı vəziyyəti müzakirə ediblər.
Crossmedia.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə, görüş zamanı Misir və Böyük Britaniya arasında əlaqələrin gücləndirilməsi yolları, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Əbdülətti, Misirin Qəzzada dərhal atəşkəs əldə edilməsi üçün göstərdiyi səylərə toxunub. O, həmçinin zolağa humanitar yardımların çatdırılmasının vacibliyini və İsrailin fələstinlilərə qarşı beynəlxalq konvensiyalara zidd olaraq həyata keçirdiyi sistematik pozuntuların dayandırılmalı olduğunu vurğulayıb.
Misir diplomatı, Fələstin məsələsinin ədalətli və hərtərəfli həlli, 1967-ci il 4 iyun sərhədləri əsasında, Şərqi Qüds paytaxt olmaqla müstəqil Fələstin dövlətinin yaradılmasının zəruriliyini də qeyd edib.
BMT Təhlükəsizlik Şurasının dərhal atəşkəs çağırışına baxmayaraq, İsrail ordusunun Qəzzada apardığı müharibə nəticəsində 2023-cü il oktyabrın 7-də Həmasın hücumundan sonra əksəriyyəti qadınlar və uşaqlar olmaqla təxminən 45,600 insan həlak olub.
Suriya məsələsinə toxunan Əbdülətti, Misirin Suriya xalqına, ölkənin sabitliyinə, milli qurumlarının qorunmasına və ərazi bütövlüyünə tam dəstəyini ifadə edib. O, siyasi keçid prosesinin inklüziv və suriyalıların milli maraqlarına əsaslanaraq, xarici müdaxilə olmadan həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Sudanla bağlı isə Əbdülətti dərhal atəşkəsə çağırıb. Humanitar yardımların sürətlə çatdırılmasının və milli dövlət institutlarının dəstəklənməsinin vacibliyini qeyd edib.
Fidan Hacızadə
08:34 03.01.2025
Oxunuş sayı: 3955