Türkiyə XİN başçısı: Türkiyə Suriyadakı bütün təzyiq altında olan icmaları müdafiə etməyə hazırdır
Türkiyə Xarici İşlər Naziri Hakan Fidan, Belçikalı həmkarı Bernar Kventin ilə Ankarada keçirdiyi birgə mətbuat konfransında Suriyadakı bütün təzyiq altında olan icmaların müdafiəsinə dair bəyanat verib.
Crossmedia.az xəbər verir ki, Fidan vurğulayıb ki, Suriyada əksəriyyət və ya azlıq olması fərq etməz, kim olursa olsun – nusayrilər, ələvilər, yezidlər, xristianlar və ya başqaları – Türkiyə bu yeni dövrdə onların müdafiəçisi və hamisi olacaq.
Nazir bildirib ki, Bəşər Əsəd rejiminin təzyiqləri nəticəsində milyonlarla suriyalı, o cümlədən türklər, öz evlərini tərk etmək məcburiyyətində qalıb və digər ölkələrə sığınmaq üçün yollar axtarıb.
Türkiyənin bu qaçqınları tərəddüdsüz qəbul etdiyini qeyd edən Fidan, ölkəsinin Suriyalıların sülh içində yaşaya bilməsi üçün şərait yaratmaq istiqamətində səylər göstərdiyini bildirib.
“Biz Suriyada heç kimə zərər verilməməsi üçün əlimizdən gələni edirik. Yeni suriyalı rəhbərlik də bu məsələyə çox həssas yanaşır. Ümid edirəm ki, heç bir pis hadisə baş verməyəcək. Amma əgər baş verərsə, prezidentimiz Rəcəb Tayyib Ərdoğan bu məsələyə çox həssasdır və onun prinsipləri aydındır. Kim təzyiqə məruz qalırsa, biz onun yanındayıq, onunla həmrəylikdəyik. Ona görə də biz kimə qarşı nə edildiyini deyil, edilənləri izləyirik,” - deyə nazir əlavə edib.
Gültac Mehdizadə
18:56 02.01.2025
Oxunuş sayı: 4893