Tramp: “ABŞ bütün dünyanın gülüş obyektinə çevrilib”
ABŞ-ın seçilmiş prezidenti Donald Tramp ölkəsindəki hücumları “sərhəd problemi və zəif liderlik”lə əlaqələndirərək, ABŞ-ın “bütün dünyanın gülüş obyektinə çevrildiyini” bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial media hesabında açıqlama verib. Demokratları və məmurları vəzifələrini yerinə yetirməməkdə günahlandıran Tramp deyib:
“Ölkəmiz bütün dünyada fəlakət və gülüş obyektinə çevrilib. Sərhədlər açıq, təsirsiz və demək olar ki, mövcud olmayan liderliklə bu cür vəziyyət yaranır. Demokratlar buna icazə verdikləri üçün utanmalıdırlar.”
Tramp əlavə edib ki, baş verənlərə görə prezident Co Bayden administrasiyasını məsuliyyət daşıyır.
Yeni ilin ilk saatlarında ABŞ-ın Yeni Orlean şəhərində, Burbon küçəsində avtomobilin izdihama çırpılması nəticəsində ilkin məlumata görə, 10 nəfər ölüb, ən azı 35 nəfər yaralanıb. Hücum edən şəxs hadisə yerində polislə atışmada öldürülüb.
ABŞ rəsmiləri hücum edənin 42 yaşlı ABŞ vətəndaşı, Texas ştatından olan və “Şəmsud Din Cabbar” adlanan keçmiş hərbçi olduğunu açıqlayıb.
Eyni gün Las-Veqasda Tramp otelinin qarşısında Tesla markalı avtomobil partlayaraq yanıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Tesla şirkətinin sahibi Elon Musk sosial media hesabında açıqlama verərək, Nyu Orleandakı hücumla Las-Veqasdakı partlayış arasında əlaqə ola biləcəyini iddia edib. O bildirib ki, hər iki hadisədə istifadə edilən avtomobillər eyni yerdən icarəyə götürülüb.
Hazırda ABŞ hüquq-mühafizə orqanları hadisələrlə bağlı araşdırmaları davam etdirir.
07:57 02.01.2025
Oxunuş sayı: 3741