Cənubi Koreyada prezidentlikdən uzaqlaşdırılan Yoon “sona qədər mübarizə aparacağını” deyib
Cənubi Koreyada qısamüddətli hərbi vəziyyət elan edildiyi üçün prezident postundan uzaqlaşdırılan Yoon Suk Yeol “ölkəni qorumaq üçün sona qədər mübarizə aparacağını” bəyan edib.
Crossmedia.az Koreyanın Yonhap agentliyinə istinadən məlumat verir ki, Yoon paytaxt Seulda prezident iqamətgahı qarşısına toplaşan tərəfdarlarına, vəzifəsindən azad edilməsinə qarşı çıxanlara mesaj çatdırıb.
Prezident vəzifəsindən uzaqlaşdırılan Yoon, imzası olan vərəqdə yazdığı mesajda vurğulayıb ki, Cənubi Koreya “daxili və xarici qüvvələrin və suverenliyi pozan dövlət əleyhinə qrupların fəaliyyətləri səbəbindən təhlükədədir".
Tərəfdarlarının “səylərini” sosial şəbəkədə izlədiyini bildirən Yoon onlara təşəkkür edərək, “Sizinlə birlikdə bu ölkəni qorumaq üçün sona qədər mübarizə aparacağam” deyib. Yoon qeyd edib ki, o, “dövlətin və ya partiyanın deyil, hər bir vətəndaşın sahib olduğu azad demokratiyanın qalib gələcəyinə” inanır.
Seul Qərb Dairə Məhkəməsi Yoon haqqında “iğtişaş” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” şübhəsi ilə aparılan istintaqda həbs qərarı çıxarıb. Məhkəmə müstəntiqlərin prezident iqamətgahında axtarış aparılması ilə bağlı vəsatətini də təmin edib. Müstəntiqlərə əmrləri yerinə yetirmək üçün bir həftə vaxt verilib.
Qeyd edək ki, Cənubi Koreya tarixində ilk dəfə vəzifədə olan dövlət başçısının həbsinə order verilib.
01:49 02.01.2025
Oxunuş sayı: 3382