CROSSMEDIA - Hakan Fidan: Türkiyə-AB münasibətləri Sarkozi dövründən əvvələ qayıtmalıdır
Xarici xəbərlər

Hakan Fidan: Türkiyə-AB münasibətləri Sarkozi dövründən əvvələ qayıtmalıdır

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, Avropa Birliyi (AB) ilə münasibətlərin keçmiş Fransa Prezidenti Nikola Sarkozi dövründən əvvəlki əməkdaşlıq ruhuna qaytarılmasını təklif edib. Crossmedia.az xəbər verir ki, Hakan Fidan bu fikirlərini Fransanın France 24 televiziya kanalına verdiyi müsahibəsində səsləndirib.

Nazir AB-nin Türkiyəyə yanaşmasının meritokratik prinsiplərə əsaslanaraq yenidən qurulmasının zəruriliyini vurğulayıb:
"Bizim qiymətləndirməmizə görə, Türkiyə və ümumilikdə Avropa, xüsusilə Türkiyə və Fransa, Sarkozi dövründən əvvəlki əməkdaşlıq ruhuna qayıtmalıdır."

Hakan Fidan, 2007-2012-ci illərdə prezident olmuş Nikola Sarkozidən əvvəl Avropa liderlərinin, xüsusilə Fransa və Almaniyanın, Türkiyənin AB üzvlüyünü strateji addım kimi qəbul etdiyini qeyd edib. Sarkozi dövründə isə Türkiyəyə yanaşmanın kimlik siyasətləri prizmasından dəyişdiyini bildirib.

Fidan 2007-2008-ci illəri Türkiyə-AB münasibətləri üçün "qızıl dövr" kimi xarakterizə edib və bu dövrdə islahatların həyata keçirilməsi üçün aydın yol xəritəsinin mövcud olduğunu vurğulayıb. O, meritokratik bir prosesin bərpasının həm Türkiyə, həm də Avropa üçün gücləndirici rol oynayacağını əlavə edib:
"Türkiyə bölgədə daha güclü təsir yaratmaq üçün Avropa ilə birləşməlidir."

Fidan, Avropanın iki rəqabət aparan vizyonunu təsvir etdi: "Birincisi, Avropa geosiyasi düşüncə ilə Türkiyəni kluba daxil etməli və sonra öz regionunda öz cazibə mərkəzini yaratmalıdır... ya da öz təhlükəsizliyi üçün digər aktorlardan asılı qalmalı və hələ də onlara bağlı olmalıdır."
Yüksək səviyyəli siyasi dialoqun bərpa olunma ehtimalı ilə bağlı suala Fidan optimist yanaşdı və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin sonuncu səfərinə işarə edərək dedi: "Bizim təəssüratımız odur ki, o, belə bir imkanın olmasını istəyir və Türkiyə Prezidenti (Rəcəb Tayyib) Ərdoğan da bu istiqamətdə irəliləməyə çox istəklidir."

10:40 01.01.2025

Oxunuş sayı: 3163

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR