CROSSMEDIA - Husilər Amerika və İsrailə hücum etdi
Xarici xəbərlər

Husilər Amerika və İsrailə hücum etdi

Crossmedia.az xəbər verir ki, Yəmənin "Ənsarullah" (husilər) hərəkatının üsyançıları İsrailin Tel-Əviv şəhərində yerləşən Ben-Qurion Beynəlxalq Hava Limanına və işğal altında olan Qüdsün cənubundakı elektrik stansiyasına iki ballistik raket atıblar.

“Yəmən Silahlı Qüvvələri (husilərlə əlaqəli) iki peşəkar hərbi əməliyyat həyata keçirib”, - deyə husilərin hərbi sözçüsü Yəhya Səri bildirib.
Onun sözlərinə görə, ilk əməliyyat zamanı işğal altında olan Yaffada yerləşən İsrailin Ben-Qurion hava limanına iki hipersəs ballistik raketi atılıb.
İkinci əməliyyat zamanı isə işğal altında olan Qüdsün cənubundakı elektrik stansiyasına bir ballistik raket atılıb.
Husilərin nümayəndəsi hər iki halda "raketlərin hədəfləri uğurla vurduğunu" qeyd edib.

Yəhya Səri həmçinin ABŞ Silahlı Qüvvələrinin "Harry Truman" adlı aviasiya gəmisinə qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə hücum edildiyini bildirib. Hücum zamanı ABŞ hərbçilərinin Yəmənə qarşı "genişmiqyaslı hava hücumu" hazırladığı vurğulanıb.
“Dəniz qüvvələri, raket qoşunları və pilotsuz uçuş qoşunlarının birgə əməliyyatı çərçivəsində çoxlu sayda pilotsuz uçuş aparatı və qanadlı raketlərlə ABŞ-ın "Harry Truman" aviasiya gəmisinə zərbə endirilib”, - deyə bəyanatda qeyd olunub.

Yəhya Səri vurğulayıb ki, ABŞ hərbçilərinin hazırladığı hücum uğursuzluğa düçar olub.

Husilər İsrail və ABŞ tərəfindən gələn hər hansı bir təhdidə qarşı müdafiə məqsədilə hərbi hissələrinin döyüş hazırlığını artırıblar. Bu addımlar, Fələstin xalqına qarşı dini, mənəvi və humanitar borcun yerinə yetirilməsinə mane olmaq cəhdlərinə cavab olaraq atılıb, hərəkatın nümayəndəsi qeyd edib.

"Yedioth Ahronoth" qəzetinin məlumatına görə, Yəməndən atılan raket səbəbindən Tel-Əvivdə yerləşən Ben-Qurion Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

09:22 01.01.2025

Oxunuş sayı: 7008

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR